Azərbaycanın və Səudiyyə Ərəbistanının beyin mərkəzləri arasında ikitərəfli əlaqələr müzakirə edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə mərkəzin nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı bu ölkənin aparıcı beyin mərkəzlərində görüşlər, dəyirmi masalar təşkil olunub, tərəflər arasında regional məsələlər və ikitərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb.
BMTM-in nümayəndələri əvvəlcə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Şahzadə Səud Əl-Faysal Diplomatik Araşdırmalar İnstitutunda ikitərəfli əlaqələr və regional münasibətlər mövzusunda konfransda gənc diplomatlar qarşısında çıxış ediblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Cənubi Qafqaz-Yaxın Şərq regionunda geosiyasi hadisələr”, şöbə müdiri Cavid Vəliyev “Türk və ərəb dünyası münasibətlərinin inkişafında Azərbaycanın rolu”, aparıcı məsləhətçi Lalə Xəlilzadə isə “Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı əlaqələri” mövzularında çıxış ediblər.
Konfransın sonunda səudiyyəli gənc diplomatların regionda cari geosiyasi vəziyyətlə bağlı sualları cavablandırılıb.
Səfər çərçivəsində BMTM-in nümayəndə heyətinin iştirakı ilə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən İran Araşdırmaları üzrə Mərkəzdə (RASANAH) dəyirmi masa keçirilib.
Dəyirmi masada iki ölkə arasında əlaqələr və inkişaf strategiyası, Azərbaycan və Ermənistan arasında cari vəziyyət, İsrail-Fələstin münaqişəsi müzakirə olunub.
Görüşün sonunda RASANAH rəhbərliyi BMTM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, iki mərkəz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasını arzuladıqlarını vurğulayıb.
Səfər zamanı BMTM-in nümayəndə heyəti, həmçinin Ərəb-Rus Araşdırmaları üzrə İnformasiya Mərkəzi-CIARS və Araşdırma-Elmi Kommunikasiya Mərkəzi ilə də görüşlər keçirib.
Görüşlər əsnasında ikitərəfli əlaqələr, regional münasibətlər və gələcək birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.