Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycanın və Ukraynanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
Nazir müavini Xələf Xələfov Ukrayna nümayəndə heyətini salamlayaraq iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsinin əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu diqqətə çatdırıb. Azərbaycanın və Ukraynanın strateji tərəfdaş olduğunu bildirən X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.
Ölkəmizdə olmasından məmnunluğunu bildirən V.Bodnar Azərbaycan ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, o, ilk dəfə keçiriləcək Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə edib.
Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğulayıblar.
İki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirən X.Xələfov Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın bu istiqamətdəki rolunu xüsusilə qeyd edib.
Görüşdə X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutları, habelə TAP və TANAP kimi enerji layihələri haqqında həmsöhbətinə məlumat verib, Ukraynanın da sözügedən layihələrdən yararlana biləcəyini deyib.
Tərəflər Azərbaycan və Ukraynanın işgüzar dairələri arasında birbaşa təmasların yaradılmasının qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında humanitar, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.