AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİ BÜTÜN SAHƏLƏRDƏ UĞURLA İNKİŞAF EDİR
AZƏRTAC xəbər verir ki, iyunun 17-də “Lyuks” mehmanxanasında Baş nazirin müavini Abid Şərifov Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə xalqlarımız arasında qədim və tarixi dostluq əlaqələrindən danışılmış və qeyd edilmişdir ki, bu əlaqələr bu gün də layiqincə davam etdirilir.
Baş nazirin müavini Türkiyəyə səfərlərindən və qardaş ölkənin hərtərəfli inkişafından söz açmışdır.
Səmimi görüş üçün təşəkkürünü bildirən və özünü vətənində olduğu kimi hiss etdiyini söyləyən Köksal Toptan Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır.
Türkiyə Böyük Millət Məclisinin sədri qardaş ölkələrimiz arasında qarşılıqlı iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səyləri yüksək dəyərləndirmiş, son illər Azərbaycanın sürətli inkişafını, burada baş verən müsbət dəyişiklikləri xüsusi vurğulamışdır.
######
