Azərbaycanlı alim beynəlxalq konfransda ortaq türk fəlsəfə tarixinin yaranmasını təklif edib
Bakı, 10 oktyabr, AZƏRTAC
Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Özbəkistan-Azərbaycan ədəbi əlaqələr və həmkarlıq istiqbalları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransa onlayn qoşulan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixinə aid bəzi mülahizələr” mövzusunda məruzə edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. O, məruzəsində bildirib ki, hazırda dünyada bir çox xalqların fəlsəfəsindən və filosoflarından bəhs edildiyi halda “türk fəlsəfəsi” ilə “türk filosofu” anlayışlarına nadir hallarda rast gəlmək mümkündür. Bütövlükdə isə “türk fəlsəfəsi” və “türk filosofu” anlayışlarının dünya fəlsəfəsində, dünya fəlsəfə tarixində özünəməxsus bir yeri olması fikrini söyləmək çox çətindir. Alimin sözlərinə görə, ən yaxşı halda ilk türk filosofları olaraq orta əsrlərdə yaşamış Məhəmməd Farabi, Əbu Reyhan əl-Biruni, Əhməd Yəsəvi, Matrudi və başqalarının adları çəkilir ki, onlar da əsasən İslam mədəniyyətinin, ya da ərəbdilli fəlsəfənin nümayəndələri kimi qələmə verilirlər. F.Ələkbərli qeyd edib ki, türk fəlsəfəsi, ya da türk xalqlarının fəlsəfəsi ilə bağlı “Türk fəlsəfə tarixi”nə aid ortaq kitablar nəşr olunmalı, türk xalqlarının təhsil sistemində (bakalavriatura, magistratura, doktorantura) türk fəlsəfəsinin, türk fəlsəfə tarixinin tədrisi məsələsi dəqiqləşməli, türk xalqları fəlsəfə müntəxəbatının bütün türk dillərində ərsəyə gətirilməsi, ən azı vizual şəkildə “Türk xalqları fəlsəfəsi kitabxanası” yaradılmalıdır.