Azərbaycanlı alimin məqaləsi ABŞ-da nəşr olunan beynəlxalq indeksli jurnalda dərc edilib
Naxçıvan, 2 aprel, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri doktoru, dosent Varis Quliyevin “Poliploid üzüm formalarının tədqiqi” adlı məqaləsi ABŞ-da nəşr olunan Cytology və Histology beynəlxalq indeksli jurnalda dərc edilib.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dünyada ilk dəfə olaraq Varis Quliyev tərəfindən eksperimental üsulla üzümün generativ orqanlarda poliploid təbiətli toxumlarının alınması, nəticədə yeni genom quruluşuna malik üzüm formalarının əldə olunması metodikası hazırlanıb və beynəlxalq nüfuzlu jurnallarda ingilis və rus dillərində çap edilib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən üzümçülük üzrə seleksiya mərkəzlərində bu metodikadan istifadə olunmaqdadır.
Tədqiqat əsərində də yeni yaradılan müxtəlif poliploid üzüm formalarının genom quruluşu, sitoloji və histoloji xüsusiyyətləri haqqında məlumatlar əksini tapıb.
Naxçıvan Muxtar Respublikasında üzüm genofondunun genetikası və seleksiyası problemləri üzərində otuz ildən artıqdır ki, elmi-tədqiqat işləri aparan alimin sözlərinə görə, poliploid formalardan istifadə olunmaqla gələcəkdə genomlu sortlar arasında müxtəlif kombinasiyalı çarpazlaşdırma işlərinin aparılmasına və xəstəliklərə, şaxtalara dözümlü, məhsuldar, yüksək şəkərliliyə malik olan məqsədyönlü yeni sortların alınmasına genetik imkanlar yaradılmış olur. Artıq bu istiqamətdə elmi nailiyyətlər də əldə edilib.