ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər belaruslu həmkarları ilə birgə lazer fizikası istiqamətində tədqiqatlar aparırlar
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun alimləri belaruslu həmkarları ilə birgə lazer fizikası istiqamətində tədqiqatlar aparırlar.
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmalar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Belarus Fundamental Tədqiqatlar Fondu tərəfindən qrant mükafatı almış layihə çərçivəsində təşkil olunmuşdur. İki illik layihənin rəhbərləri Azərbaycandan AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyev, Belarusdan isə fizika-riyaziyyat elmləri doktoru, professor Gennadi Yablonskidir.
O.Tağıyev bildirmişdir ki, tədqiqatların nəticələri bir çox sahələrdə, o cümlədən televiziyada təsvirin viziuallaşdırılmasında və tibdə biosensor kimi, yəni insan sümüyündə və dərisində mikrozədələnmələrin tədqiq edilməsi istiqamətində tətbiq oluna bilər.