Azərbaycanlı deputat AŞPA-da ayrı-seçkiliyə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb
Strasburq, 26 aprel, AZƏRTAC
Dövlətlər tərəfindən çoxsaylı qanunlar, konvensiyalar qəbul olunsa da, hesabatlara əsasən, dünyada minlərlə insan hələ də sosial-iqtisadi qrup və ya kastaya görə ayrı-seçkiliyə məruz qalır, qeyri-bərabər rəftarla üzləşir. Bu isə cəmiyyətlərdə bərabərsizliyi davam etdirir. Avropa İnsan Haqları Konvensiyasına üzv olan dövlətlər ölkədə ayrı-seçkiliklə bağlı məsələləri açıqlamağa borcludurlar. Bu Konvensiyanın 14-cü maddəsinə əsasən, təsbit olunmuş hüquq və azadlıqların həyata keçirilməsi milli və ya sosial mənşəyə görə heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva qurumun yaz sessiyası çərçivəsində “Sosial mənşələrə əsaslanan ayrı-seçkiliyə qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib.
Azərbaycanlı deputat məruzənin müəllifi - türkiyəli parlamentari Selin Sayek Bökeyə belə vacib məruzəni hazırladığına görə təşəkkürünü bildirib. O, ayrı-seçkilik problemindən söz açaraq, bəzi tövsiyələrini səsləndirib. Qeyd edib ki, üzv dövlətlərdə fəaliyyət göstərən qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatları, eləcə də insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan qrup və aidiyyəti şəxslər bu məsələ ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Belə təşkilat və qruplar insan hüquqları üzrə təhsil proqramları və fəaliyyətlər də daxil olmaqla, səmərəli cavab strategiyaları hazırlamaq məqsədilə institusional proseslərin ən yaxşı təcrübəsini araşdırmalıdırlar.
Bildirilib ki, ayrı-seçkiliyə qarşı ictimai maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Diqqətə çatdırılıb ki, təhsil irqçilik və ayrı-seçkiliklə mübarizə, həmçinin inklüziv cəmiyyətlər qurmaq üçün əsas vasitələrdən biri ola bilər. K.Nurullayeva irqçi hərəkətlərə yol verilməməsi və ayrı-seçkiliyin mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təhsil ocaqlarının roluna toxunub. Siyasətçilər, hüquq-mühafizə orqanları üçün milli səviyyələrdə məlumatlandırıcı layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, irqçiliyə qarşı mübarizə aparmaq üçün birləşməyə çağırış edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq