Azərbaycanlı həkimlər Antalyada keçirilən beynəlxalq tibb konqresində iştirak ediblər
Bakı, 4 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində “Fetal Həyatdan Uşaqlığa - ilk 1000 gün” adlı 6-cı Beynəlxalq Konqres keçirilib. Konqres Türkiyə Səhiyyə Nazirliyinin və Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA) dəstəyi ilə Yüksəliş İqtisadi və Strateji Tədqiqatlar Fondu (YİSAV) tərəfindən təşkil olunub.
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ABŞ, Böyük Britaniya, Türkiyə, Finlandiya, Norveç, Hollandiya, İspaniya, İordaniya, Ukrayna, Azərbaycan və bir sıra digər ölkələrdən olan 600 nümayəndə konqresdə təmsil olunub. Tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb elmləri doktoru Səbinə Qarayeva, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Səmayə Əlizadə və Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı Gültəkin İsayeva iştirak ediblər.
Dörd gün davam edən konqresdə perinatologiyanın aktual problemləri, ana və uşaq qidalanma mövzularına yeni yanaşmalar haqqında çıxışlar olub. Konqres iştirakçıları uşağın sağlamlıq vəziyyəti, mayalanmadan sonra 1000 gün müddətində düzgün qidalanma, qulluq, ana və uşaq ölümünə təsir edən bir çox amillər haqqında müzakirələr aparıblar.
Tədbirin açılış mərasimində YİSAV-ın prezidenti və konqresin sədri professor Ferit Saracoğlunun və Türkiyənin səhiyyə nazirinin müşaviri Rıfat Köşenin mövzuya dair çıxışları dinlənilib.