Azərbaycanlı həkimlər Tbilisidə İİV infeksiyası ilə bağlı keçirilən regional seminarda iştirak edirlər
Bakı, 25 aprel, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İnsanın İmmunçatışmazlığı Virusu (İİV) infeksiyası üzrə mütəxəssisləri üçün regional seminar keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil edirlər.
Seminarda İİV infeksiyasına görə risk qruplarının qiymətləndirilməsi, həmin qruplar arasında infeksiyanın yayılma səviyyəsi, hədəflərə çatmaq üçün prioritetlərin müəyyən edilməsi, risk qrupları arasında aparılan tədqiqatların təkmilləşdirilməsi müzakirə olunur və ayrı-ayrı ölkələrin təcrübələri öyrənilir.
Aprelin 28-də seminara yekun vurulacaq.