Azərbaycanlı professor Çikaqoda “İlin alimi” seçilib
Bakı, 30 dekabr, AZƏRTAC
“Vektor” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri, Avropanın Fəxri Elm və Mədəniyyət Xadimi, Əməkdar müəllim, texniki elmləri doktoru, professor Elçin İsgəndərzadə ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən Beynəlxalq Nailiyyətləri Araşdırma Mərkəzi (IARC) tərəfindən “İlin alimləri - 2020” beynəlxalq müsabiqəsində iştirak edib. Azərbaycanlı professor “Mühəndislik və texnologiyalar” kateqoriyasında mexanika mühəndisliyi, metrologiya və aqromühəndislik elm sahələri üzrə qazandığı beynəlxalq uğurlara görə qalib elan edilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, E.İsgəndərzadəyə “İlin alimi 2020” beynəlxalq tanıtma nişanlı sertifikat verilib. Həmçinin təşkilatın rəsmi saytında azərbaycanlı alimin uğurlarını əks etdirən xüsusi səhifə yaradılıb.
Qeyd edək ki, E. İsgəndərzadə dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq və respublika miqyaslı 100-dək elmi qurultay, konqres, simpozium və konfransın təşkilatçısı və iştirakçısı olub. Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), “Roma şəhərinin fəxri alimi” medalı (İtaliya) ilə təltif olunub.
O, 300-dən çox elmi əsərin, 59 ixtiranın, 32 monoqrafiya və dərs vəsaitinin, 125 bədii və elmi kitabın, 130 tərcümə kitabının müəllifidir. ABŞ, Türkiyə, Rusiya, Latviya, Litva, Belarus, Gürcüstan, Qazaxıstan, İran, Rumıniya, Ukrayna, Suriya, Bolqarıstan, İraq və digər ölkələrdə onun kitabları yerli dillərə tərcümə olunaraq işıq üzü görüb.