Azərbaycanlı şahmatçılar dünya çempionatında medallar qazanıblar
Bakı, 4 may, AZƏRTAC
Şahmat üzrə dünya çempionatında Azərbaycan komandasının üzvləri üç gümüş, bir bürünc medal qazanıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Rumıniyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. 42 ölkədən 6 yüzdən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında II yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında III yeri tutaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə I yeri tutan şahmatçılar dünya, II yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanırlar.