“AZƏRİKİMYA” İB-NİN MEXANİKİ TƏMİR ZAVODU İLK DƏFƏ SUTƏMİZLƏYİCİ QURĞU HAZIRLAMIŞDIR
Bakı, 25 avqust (AZƏRTAC). Bu günlərdə “Azərikimya” İstehsalat Birliyinin (İB) Mexaniki-təmir zavodu ilk dəfə olaraq ekoloji əhəmiyyətli sutəmizləyici qurğu hazırlamışdır. Ekologiyanın, ilk növbədə dəniz və çayların, həmçinin ətraf mühitin saflığının qorunması məqsədini daşıyan və yaşayış massivlərində, müəssisələrdə, eləcə də fərdi yaşayış sahələrində quraşdırılması nəzərdə tutulan qurğu Çexiyanın “TOPALvater” şirkətinin layihəsi əsasında hazırlanmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, avqustun 24-də sutəmizləyici qurğunun ilk nümunəsi əsas sifarişçiyə - “Azərneft” İB-yə yola salınmışdır. İkinci sutəmizləyici “Topas-75” qurğusu da istehlakçıya göndərilməsi üçün artıq hazır vəziyyətə gətirilmişdir. Hazırda üçüncü qurğunun üzərində tamamlama işləri həyata keçirilir.
Xəzərin suyunun çirklənməsinə yol verməmək üçün ARDNŞ rəhbərliyinin təşəbbüsü ilə dəniz neft mədənlərində quraşdırılması nəzərdə tutulan sutəmizləyici qurğunun Mexaniki-təmir zavodunda istehsalına başlanılması istiqamətində ilk addım hələ iyulun əvvəllərində atılmışdır. Həmin vaxt Çexiyanın “TOPALvater” şirkəti ilə ilkin razılıq əldə edilmiş, şirkətin prezidenti Yan Topalın rəhbərliyi ilə nümayəndə heyəti Sumqayıta gələrək Mexaniki-təmir zavodunda “Topas” tipli sutəmizləyici qurğuların istehsalı məsələlərini müzakirə etmişdir. Qısa bir zamanda onların burada yığılması üçün Çexiyadan müvafiq texnoloji tərtibat, müxtəlif detallar və xüsusi ölçülü plastik materiallar göndərilmişdir. Bir müddət sonra bu sahədə kifayət qədər təcrübəyə malik Kiyevin “KMK Qrupp” müəssisəsinin mütəxəssisləri Sumqayıtda olmuş və zavodda “Topas-50” və “Topas-75” tipli sutəmizləyici qurğuların yerli şəraitdə istehsalı üçün “Azərikimya” İB-nin mütəxəssisləri ilə birlikdə çalışmışlar. Bu qurğuların istehsalı, onun müvafiq texnoloji qaydalar əsasında və ardıcıl olaraq yığılması prosesini yerli mütəxəssislərə öyrətmək məqsədi ilə Çexiyanın Çaslav şəhərindəki müəssisənin qaynaqçı və çilingərləri avqust ayının sonunadək Sumqayıta ezam olunmuşlar. O qədər də böyük olmayan, istənilən yerdə və səviyyədə quraşdırılması mümkün olan sutəmizləyici qurğuların detallarının müəyyən hissəsinin yaxın zamanlarda Mexaniki-təmir zavodunda hazırlanması planlaşdırılır. Respublikada istehsalı ilk dəfə başlanılmış təmizləyici qurğulardan ildə ən azı 50 dəst hazırlanması nəzərdə tutulmuşdur.
######
