İQTİSADİYYAT
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
Bakı, 12 iyun, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçir.
Birlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 9 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün bu il iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək məhdudiyyətlər tətbiq ediləcək. Bir çox sahələrdə fəaliyyət dayandırılsa da, kommunal xidmətlər, o cümlədən qaz təsərrüfatı istisna edilən sahələrdəndir.
“Azəriqaz” abonentlərinin nəzərinə çatdırır ki, 14 və 16 iyun tarixlərində hər hansı bir problemlə üzləşərlərsə, birliyin 104/185 saylı Çağrı mərkəzinə zəng etsinlər. Eyni zamanda, (+994 77) 3 104 104 "WhatsApp" nömrəsinə səsli, görüntülü və yaxud yazılı mesajlarını göndərsinlər. Birlik sərt karantin rejiminin tətbiq olunduğu günlərdə məhdud sayda işçilərlə fəaliyyət göstərməsinə baxmayaraq, çalışacaq ki, müraciətlərin icrasını vaxtında və qüsursuz təmin etsin.
Birlik olaraq smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizdən xahiş edirik ki, sayğaclarının istifadə olunmayan qalıq qaz həcmini nəzərdən keçirsinlər. Əgər iki gün sərt karantin vaxtında bu qalıq qaz həcmi onların təlabatını ödəməyəcəksə, mütləq iyunun 14-nə qədər balansı artırsınlar. Çünki iyunun 14-16-da hər hansı ödəniş məntəqəsi işləməyəcək və bu halda qazsız qalmanız qaçılmazdır.
Qeyd edək ki, ötən həftə əvvəlcədən xəbərdarlıq etməyimizə baxmayaraq, iyunun 6-sı və 7-də belə hallar müşahidə edilib. Ona görə də smart-kart tipli sayğaclardan istifadə edən abonentlərimizə tədbirli davranmalarını tövsiyə edirik. Bunun üçün smart-kartlarına müəyyən qədər ehtiyat məbləğ yükləmələri məsləhət görülür. Eyni zamanda, kart oxuyucu (card-reader) cihazı olan abonentlər asanlıqla onlayn ödəmə portalları vasitəsilə ödənişi həyata keçirə bilərlər.