“Azərişıq” əməkdaşlarının vaksinasiyası başlayıb
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-dan etibarən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib ki, 1000-dək əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub: “Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən “Azərişiq” pandemiya başladığı dövrdən də bütün qaydalara riayət edib. Qarşıdakı 4 gün ərzində könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-dək əməkdaşımız peyvənd olunacaq. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əməkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik”.
TƏBİB-in nümayəndəsi Günel Məmmədova isə deyib ki, hazırda ölkə ərazisində olduğu kimi “Azərişıq” əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini vurulacaq. Hər gün üçün təxminın “Azərişıq” ASC-nin 200 əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur.