AZƏRTAC-IN FUTBOL KOMANDASI İLK OYUNDA BÖYÜK HESABLA QƏLƏBƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və ARDNŞ-ın “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilir.
Turnirdə YAP Gənclər Birliyi rayon təşkilatlarının mini-futbol komandaları 9 zona üzrə mübarizə aparırlar. Zona yarışlarının qalibləri Bakıda keçiriləcək final mərhələsində güclərini sınayacaqlar.
Aprelin 9-da YAP Gənclər Birliyi Səbail rayon təşkilatının təşkilatçılığı ilə 2 nömrəli liseydə həmin rayon üzrə turnirə start verilmişdir.
Turnirdə birincilik uğrunda 8 komanda mübarizə aparır.
Yarışın ilk günündə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) komandası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təmsilçilərinə 14:3 hesabı ilə qalib gəlmişdir.
Digər qarşılaşmalarda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təmsilçiləri “Baktelekom” komandasına, “Bibiheybət” Neft və Qaz Çıxarma İdarəsinin futbolçuları Qərb Universitetinin komandasına, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə İqtisadi İnkişaf Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin təmsilçilərinə qalib gəlmişlər.
Dörddəbir final oyunlarında “AZƏRTAC” komandası “ADPU”-ya qarşı mübarizə aparacaqdır.
Turnirə aprelin 11-də yekun vurulacaqdır.
######
![]() |
![]() |

