AZƏRTAC-IN FUTBOL KOMANDASI MİNİ-FUTBOL TURNİRİNDƏ İKİNCİ YERİ TUTMUŞDUR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və ARDNŞ-ın “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş mini-futbol üzrə respublika turnirinin zona yarışları başa çatmışdır.
YAP Gənclər Birliyi rayon təşkilatlarının mini-futbol komandaları 11 zona üzrə mübarizə aparmışlar. Zona yarışlarının qalibləri mayın 2-dən 8-dək Bakıda keçiriləcək final mərhələsində güclərini sınayacaqlar.
Aprelin 11-də YAP Gənclər Birliyi Səbail rayon təşkilatının təşkilatçılığı ilə həmin rayon üzrə keçirilən turnirin final oyunu olmuşdur. “Bibiheybət” Neft və Qazçıxarma İdarəsi İdman-Sağlamlıq Mərkəzinin süni örtüklü meydançasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) komandası “Bibiheybət” NQÇİ-nin təmsilçiləri ilə qarşılaşmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin futbolçuları 6:3 hesabı ilə qalib gəlmişlər.
Beləliklə, zona yarışında “Bibiheybət” NQÇİ-nin komandası birinci, AZƏRTAC-ın təmsilçiləri ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin futbolçuları isə üçüncü yeri tutmuşlar.
Qalib komandalara kuboklar və diplomlar verilmişdir. Mükafatları YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev və Gənclər Birliyi rayon təşkilatının sədr müavini Faiq Qurbanov təqdim etmişlər.
Qalib komandaların ən yaxşı oyunçularından ibarət yığma komanda Bakı-1 zonası üzrə turnirdə YAP Gənclər Birliyi Səbail rayon təşkilatını təmsil edəcəkdir.