AZƏRTAC Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XX iclasında iştirak edəcək
Bakı, 3 iyun, AZƏRTAC
Xəbər verildiyi kimi, iyunun 8-də Belarusun paytaxtı Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XX iclası keçiriləcək.
İclasda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov iştirak edəcək.
MDB İcraiyyə Komitəsinin informasiya-analitik departamentindən AZƏRTAC-a bildiriblər ki, iclasda “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi bayramının və yubileyə həsr olunmuş birgə layihələrin həyata keçirilməsinin işıqlandırılması təcrübəsi”, “Belarus Beynəlxalq Media Forumu və BELTA-nın işi haqqında”, “Dövlət informasiya agentliklərinin foto xidmətlərinin qarşılıqlı əlaqələrinə dair aktual məsələlər”, “MDB İcraiyyə Komitəsinin və Birliyin digər orqanlarının fəaliyyəti və 2015-ci ildə MDB məkanında ən mühüm hadisələr”, “MDB Dövlətlərinin Daimi Nümayəndələri və Xarici İşlər Nazirləri şuralarının iclaslarında İnformsovetin fəaliyyəti barədə informasiya verilməsi haqqında”, “MDB üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA) çərçivəsində layihələrin həyata keçirilməsi” mövzularında məsələlərin müzakirəsi gözlənilir. Bundan başqa, MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının növbəti XXI iclasının keçiriləcəyi vaxt və yer müəyyənləşdiriləcək.