AZPROMO-NUN MÜŞAHIDƏ ŞURASI TƏSİS EDİLMİŞDİR
AZPROMO-nun prezidenti Emil Məcidov iclas iştirakçılarına Fondun gördüyü işlər və gələcək planları barədə məlumat vermişdir. Qeyd etmişdir ki, Müşahidə Şurasının yaradılması AZPROMO-nun fəaliyyətinin yeni, daha da yüksək səviyyəyə qalxmasına və işinin səmərəliliyinin artmasına imkan verəcəkdir.
İclasda Müşahidə Şurasının tərkibi, Himayəçilər Şurası üzvlərinin üzvlük haqqının tətbiqi və digər məsələlər də müzakirə olunmuşdur.
“Azəriqazbank” ASC idarə şurasının sədri Çingiz Əsədullayev, UNDP-nin Azərbaycanda nümayəndəliyinin baş müşaviri Gülşən Rzayeva, İqtisadi İnkişaf Nazirliyinin investisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Elşən Məmmədzadə, GTZ-nin Azərbaycanda nümayəndəliyinin direktoru Marsel Şvikert, “Siemens” şirkətinin Azərbaycanda Nümayəndəsi Samir Axundov, Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının üzvü, “2M Mühəndislik” firmasının prezidenti Ceyhun Hüseynov Müşahidə Şurasının tərkibinə seçilmişlər. Şura üzvləri Çingiz Əsədullayevi yekdilliklə sədr seçmişlər.
Şuranın iclaslarının üç ayda bir dəfədən az olmayaraq keçirilməsi barədə qərar qəbul edilmişdir.
Müzakirələr nəticəsində Himayəçilər Şurasında illik 2 min 500 AZN üzvlük haqqının tətbiqi barədə tövsiyə verilməsi qərara alınmışdır.