ELM VƏ TƏHSİL
AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) universitet-sənaye əməkdaşlığının inkişafı məqsədilə yaradılan Texnologiya Transfer Ofisinin (TTO) təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları AzTU-da qurulan KOB Model Müəssisəsi, Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası, Texnologiya Transfer Ofisi və “Bilişim Vadisi Bakı”da görülən işlərlə tanış olublar.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev TTO-nun əhəmiyyətindən, yaradılma zərurətindən və məqsədindən danışıb.
AzTU-nun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova TTO-nun missiyası, fəaliyyət formatı və prinsipləri barədə məlumat verib.
Sonra tədbir universitet-sənaye nümayəndələrinin müzakirələri, şirkətlərin bu prosesdən gözləntiləri və digər məsələlərlə bağlı çıxışlarla davam edib.
Qeyd edək ki, TTO universitetlə sənaye arasında bilik, texnologiya və təcrübə mübadiləsini asanlaşdırmaq üçün platforma rolunu oynamağı planlaşdırır.