BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 450 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 560 min dollar təklif və 480 min dollar tələb şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4910 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4910 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 2 milyon 529 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 12,417 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 281,000 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
AVRAZM , RUR/AZM alətləri üzrə banklar sifariş verməmişlər.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,200 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 7-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.