Bakı Dövlət Sirkində “Zəfər rəssamların gözü ilə” adlı sərgi təşkil olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakı Dövlət Sirkində “Zəfər rəssamların gözü ilə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Zəfər Günümüzdən bəhs edən 15-ə yaxın peşəkar rəssamın əsərləri sərgilənib.
Bakı Dövlət Sirkinin orkestr heyəti “Heyratı-Zərb” muğamını ifa edərək sərginin açılışını ediblər.
Sərgiyə Dövlət Rəsm Qalereyası və “Caspian Awards” da dəstək verib. “Zəfər rəssamların gözü ilə” sərgisinin əsas ziyarətçiləri şəhid və qazi ailələri olub. 44 günlük Vətən savaşında iştirak edən qəhrəmanlarımız döyüş təəssüratlarını qonaqlarla bölüşüblər.
Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov tədbirdə iştirak edən şəhid və qazi ailələrinə təşəkkürünü bildirib və onları “Hünər Meydanı” adlı sirk proqramına baxmağa dəvət edib.
Bundan başqa, “Şəhid övladlarının Zəfər Sədası” xor dəstəsi də sərgi iştirakçıları üçün öz kliplərini təqdim ediblər. Onların layihə rəhbəri Həcər Əkbərova da sərgidə fikirlərini bölüşüb.
Tədbir iştirakçıları arasında Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud da çıxış edib.
Sərgiyə “ASAN” Könüllülər Təşkilatının “Əsgərə məktub” layihəsi də dəstək verib. Ziyarətçilərlə bərabər Bakı Dövlət Sirkinin kollektivi əsgərlərimizə məktub yazıblar.
Qeyd edək ki, Bakı Dövlət Sirki Zəfər Günü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib. Bu tədbirlər sırasında “Dəmir yumruq” kompozisiyasının təqdimatı, Zəfər yürüşü də yer alıb.
“Zəfər rəssamların gözü ilə” sərgisi iki gün davam edəcək.