BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən ətraflı bəhs edərək, cəmi 23 ay yaşamasına baxmayaraq, onun tariximizin şanlı səhifəsinə çevrildiyini bildirmişdir. Nəzərə çarpdırmışdır ki, Demokratik Respublika zamanı parlament, Bakıda universitet və s. yaradılmış, milli mətbuatımızın və təhsil ocaqlarımızın inkişafı üçün imkanlar əldə olunmuşdur.
Rektor 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin böyük xilaskarlıq rolunu diqqətə çatdırmışdır. O, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışaraq, xalqımızın xoşbəxt gələcəyinə inandığını söyləmişdir.
28 May - Respublika gününün əlamətdar hadisə kimi ölkəmizdə geniş qeyd edildiyini vurğulayan akademik bayram münasibətilə xalqımızı təbrik etmişdir.
BDU-nun tarix fakültəsinin dekanı, dosent Sani Hacıyev və digər çıxış edənlər də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs etmişlər.
Müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünya ölkələri arasında tanınmasında dahi rəhbərimiz Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayan natiqlər ulu öndərimizin nurlu ideyalarının əbədi yaşayacağını bildirmişlər.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.
######
