ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində profilaktik tədbirlər gücləndirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Son günlər hava şəraitinin dəyişmələri ilə əlaqədar olaraq COVID-19 infeksiyasına yoluxmaların sayında artım müşahidə olunur. Buna görə də ölkədə pandemiya ilə mübarizə məqsədilə kompleks profilaktik tədbirlər görülür. Bakı Dövlət Universitetində profilaktik və preventiv tədbirlər gücləndirilib, sanitar-epidemioloji vəziyyətə ciddi nəzarət olunur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə müvafiq olaraq sanitariya normaları və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə dair profilaktik və preventiv tədbirlər həyata keçirilir. Tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına ciddi riayət olunur.
Universitetin giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar-qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda, yeməkxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib. Giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində ən müasir dezinfeksiya tunelləri, turniketlər, avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskanın taxılmasına nəzarət edən cihazlar quraşdırılıb, sanitar-qovşaqlarda əl dezinfeksiyaedici məhlullar və digər gigiyenik vasitələr qoyulub.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə BDU-da ardıcıl iş aparılaraq, əməkdaş və tələbələrin sağlamlığının və təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.