Bakı Dövlət Universitetinin tələbəsi: COVID-19 bizə nə qazandırdı
Bakı, 5 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Lumu İspəndiyarzadə koronavirus epidemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin yaşandığı, “Evdə qal” aksiyasının keçirildiyi günlərdə fikirlərini AZƏRTAC ilə bölüşüb. O deyib: “COVID-19 bizə nə qazandırdı? Bu sual bəlkə də sizə təəccüblü gələ bilər. Düşünə bilərsiniz ki, virus insana nə qazandıra bilər axı?! Məhz bu suallara cavab axtarmaq qərarına gəldim.
Bildiyimiz kimi, aylardır dünya ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparır. Virusun göstəricilərinə ilk dəfə Çinin Uxan vilayətində rast gəlinib, martın 11-də isə Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yayılmasını pandemiya elan edib. Bu günə qədər virusa 3,5 milyondan çox şəxs yoluxub, 250 minə yaxın adam həyatını itirib, 1 milyon 130 mindən çox xəstə sağalıb. Bu virusun insan həyatına vurduğu zərər çox böyükdür. Ən böyük zərər yüz minlərlə insanın ölümüdür. Təbii ki, virus həm də dünya iqtisadiyyatına, ölkələr arasında siyasi və iqtisadi əlaqələrə mənfi təsir göstərib. Amma bunların hər birindən önəmli olan insan həyatı və onun sağlamlığıdır. Əlbəttə, dünyada hər bir şey öz yerini alacaq, amma həyatını itirən insanların yerini heç nə doldura bilməyəcək.
İndi isə məsələnin əsas tərəfindən danışmaq istəyirəm. COVID-19 virusunun yayılması ilə əlaqədar həyata keçirilən tədbirlərin müsbət tərəflərindən.
Bilirsiniz ki, virusla mübarizədə ən effektiv üsul fərdi gigiyena qaydalarına əməl etməkdir. Bunun üçün əllər mütəmadi olaraq sabun və digər dezinfeksiyaedici mayelərlə yuyulmalı, maska və əlcəklərdən istifadə edilməlidir. Bu cəhətdən COVID-19 virusu bizə fərdi gigiyena qaydalarına əməl etməyin nə qədər vacib olduğunu öyrətmiş oldu. Məlumdur ki, virusla əlaqədar avtomobillərin hərəkətinin müəyyən dərəcədə məhdudlaşdırılması, restoran, kafe və digər obyektlərin bağlanması nəticəsində hava zərərli qazlardan təmizləndi.
Digər toxunmaq istədiyim məsələ isə ailə dəyərləridir. Bilirsiniz ki, virusun yayıldığı ilk dövrlərdən həm dünya ölkələri, həm də Azərbaycan ərazisində “karantin rejimi” elan edilib. Çoxsaylı iş yerləri bağlanıb və hər kəs #evdəqal çağırışına əməl etməyə çalışıb. Bunun nəticəsidir ki, insanlar öz ailə üzvləri ilə daha çox vaxt keçirmək imkanı əldə etdilər. Əvvəllər valideynlər işə getdiyi halda, övladlarına dayələr, yaxud digər yaxınları baxırdı. Təbii ki, heç bir qayğı valideynin mehriban münasibəti qədər gözəl və təbii ola bilməz. Valideynin şirin sözləri, isti qucağı dünyanın ən gözəl nemətidir. Beləliklə, valideynlər övladlarının təlim-tərbiyəsinə daha böyük diqqət göstərmiş oldular. Bu günlərdə insanlar ailənin nə qədər dəyərli olduğunu, bu sözü sadəcə dörd hərfli kəlmə kimi deyil, sevgi və qayğının cəmləşdiyi toplum kimi dərk etdilər.
Bir də ürəklərdə itirmək qorxusu yarandı. Hər kəs anlamış oldu ki, bu gün varıq, sabah yoxuq. Bunun üçün ailəmizin, sevdiklərimizin qayğısına qalmalı, bir gün onları itirəcəyimizi bildiyimiz halda, onlara daha möhkəm sarılmalı, qayğı göstərməli, yardım etməli və bir şirin sözlə belə üzlərinə təbəssüm, xoş əhval-ruhiyyə oyatmalıyıq.
Başqa bir məsələyə diqqət yetirək. Biz dərs və iş səbəbindən vaxtın çoxunu evdə keçirə bilmirdik. Bu da evdə etməli olduğumuz işlərin natamam qalmasına gətirib çıxarırdı. “Karantin rejimi” isə bizə bu işləri tamamlamaqda bir növ yardımçı oldu.
Mən öz həyatımdan danışmaq istəyirəm. Ümid edirəm ki, qeyd edəcəklərim çoxlarınızın həyatında baş verib. Deməli, mən bu zaman çərçivəsində evdə müxtəlif yeməklərin bişirilmə qaydasını öyrəndim. Həmçinin yeni kitablar oxudum, filmlər izlədim. Nəticədə yeni biliklər əldə etmiş oldum, vaxtımı səmərəli keçirdim. Özümdə yazarlıq və mahnı oxumaq qabiliyyətini üzə çıxardım. Boş vaxtlarımda intellektual oyunlara qoşuldum, “WhatsApp”da müxtəlif qruplara üzv oldum, BDU-nun Filologiya fakültəsinin tələbəsi kimi dil və ədəbiyyat sahəsində maraqlı faktlar öyrəndim. Onlayn dərslərdə iştirak etməyimi də vurğulamaq lazımdır. Ola bilər ki, siz daha fərqli şeyləri öyrənmiş oldunuz. Bəziləri boş vaxtda dil öyrəndi, müxtəlif dekorativ əşyalar hazırladı, özlərində rəssamlıq, ifaçılıq və digər qabiliyyətləri kəşf etmiş oldu. Ola bilər ki, aramızda tələbə, yaxud abituriyentlərə onlayn dərs keçənlər, yeni elmi araşdırmalar aparanlar, məqalə yazanlar oldu.
Bir sözlə, hər kəs bu dövrdən müəyyən qədər səmərəli şəkildə yararlanmış oldu.
Ümid edirəm ki, hər birimiz bu çətin günlərin də öhdəsindən gələcək və əvvəlki həyatımıza dönəcəyik. Bunun üçün həm səbirli olmalı, həm də özümüzü bu epidemiyadan maksimum qorumalıyıq. Sevdiklərimizlə addımlayacağımız küçələrə, aylardır bizi gözləyən təhsil ocaqlarına qovuşmamıza az qaldı. Gözəl günlər qabaqdadır. Buna inanın və bu yolda heç vaxt ümidinizi itirməyin”.