Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən açılış mərasimində əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmanın kütləviliyinin əsas prioritet məsələ olduğunu bildirib: “Uşaq və yeniyetmələr arasında idmanın kütləviliyinin təmin edilməsi əsas məqsədlərdən biridir və buna nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bugünkü tədbirdə uşaqların bu cür həvəslə iştirak etməsi çox sevindirici haldır. Tədbirin ərsəyə gəlməsində bir sıra federasiyaların dəstəyi var və bu, Bakı kəndləri arasında keçirilən ilk tədbirimizdir. Əsas məqsədimiz bundan sonra da bu cür tədbirlər təşkil etməkdir”.
Açılış mərasimində çıxış edən müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov və Milli Məclisin deputatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev turnir iştirakçılarına uğurlar arzulayıblar.
Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.
Turnirdə iştirak edən bütün uşaqlara velosiped hədiyyə edilib. Tədbirdə futbolçular Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Elvin Camalov və Azər Salahlının uşaqlar üçün imza sessiyası da təşkil olunub.
“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun topa ilk zərbə vurması ilə Yeni Suraxanı - Əmircan oyununa start verilib.
Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır. Yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunub. Səkkiz qrupda start götürən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.