Bakı Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edir
Bakı, 3 mart, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycan Dillər Universitetində Azərbaycan və Sankt-Peterburq arasında mədəni əməkdaşlıq çərçivəsində “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsinin təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sankt-Peterburq Xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markovun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin mədəniyyət və elm xadimləri iştirak ediblər.
Sözügedən layihə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Sankt-Peterburqun Xarici əlaqələr komitəsi, Bakıdakı Rus evi və Azərbaycan Dillər Universiteti tərəfindən Rusiya Federasiyasının xaricdə yaşayan həmvətənlər ilə bağlı dövlət proqramının reallaşdırılması çərçivəsində həyata keçirilir.
Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Azərbaycan-Rusiya münasibətlərinə böyük töhfə verən bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor əlavə edib ki, onun rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Rusiyanın elm ocaqları arasında elmi-mədəni əlaqələr mövcuddur. Kamal Abdulla vurğulayıb ki, Azərbaycan Dillər Universiteti müxtəlif tədbirlərin təşkili üçün yaxşı məkandır.
Bakının yetirməsi olan Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun salamlarını və xoş arzularını çatdıran Sankt-Peterburq Xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov deyib: “Bakıya Azərbaycan paytaxtının sakinlərini iki gün ərzində Maslenitsa xalq bayramı ilə bağlı rus mədəni ənənələri ilə sevindirəcək 40 nəfərdən ibarət nümayəndə heyəti gəlib. Biz bu işə bütün qəlbimizlə yanaşmağa çalışmışıq, çünki Bakı bizim üçün dost və tərəfdaş şəhər kimi çox mühümdür”. S.Markov qeyd edib ki, belə tədbirlər Azərbaycan və Rusiya xalqlarının mədəniyyətlərinin yaxın və qarşılıqlı əlaqəli olduğunu bir daha vurğulayır. “Ümidvarıq ki, biz gələcəkdə mədəniyyət və elm sahələrində əlaqələri daha da dərinləşdirəcəyik”, - deyə Sankt-Peterburq Xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov sözlərinə yekun vurub.
Qeyd edək ki, Sankt-Peterburq şəhərinin nümayəndələri iki gün ərzində Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələrinə etnoqrafiya üzrə leksiyalar təqdim edəcəklər. Eyni zamanda, Maslenitsa bayramının ayrılmaz tərkib hissəsi olan idman növü üzrə yarışlar təşkil olunacaq.
Martın 3-4-də Sankt-Peterburqun “Moroşka” teatrının kollektivi Səməd Vurğun adına Akademik Rus Dram Teatrının və Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnələrində çıxış edəcək. Teatr milli geyimlərdə Azərbaycan səhnələri təqdim edəcək.
Konsert proqramları ilə yanaşı, teatrın kollektivi tamaşaçılar üçün məşğələlər və musiqi alətlərində ifa etmək üçün ustad dərsləri keçirəcək. Sankt-Peterburqun “Sənətlər akademiyası”nın nümayəndəsi isə dekorativ-tətbiqi sənət üzrə ustad dərsləri təşkil edəcək, iştirakçılara Maslenitsanın ənənəvi rəmzlərinin təsviri üsullarını öyrədəcək.
Bundan başqa, tərəfdaş şəhərlər arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üzrə ikitərəfli əməkdaşlıq platformasında müzakirələr aparılacaq.