Bakı metrosunda koronavirus xəstələri saxlanılıb VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət edən aktiv koronavirus xəstələri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası, eləcə də aktiv koronavirus xəstələri üzərində nəzarət daha gücləndirilib.
Metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan iki nəfər aktiv koronavirus xəstəsi - Qabil Ağayev və Ümüd Əliyev Bakı Metropolitenində polis şöbəsi əməkdaşları tərəfindən müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.
Digər iki aktiv koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar olunub. Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Etibar Xəlilov Abşeron rayonunun “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən ictimai yerdə müəyyənləşdiriliblər.
Bu şəxslərlə profilaktik söhbət aparılıb və xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.