MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında növbəti onlayn seminar keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə və psixologiyasına təsiri” adlı növbəti online seminar keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, laboratoriyanın kiçik elmi işçisi Sevda İsayevanın məruzə etdiyi seminarda əvvəlcə, musiqi ilə beyin arasındakı əlaqə haqqında məlumat verilib. Bildirilib ki, musiqi beyinə birbaşa təsir göstərən səs dalğalarından ibarət olub orqanizmin fizioloji və psixoloji durumuna təsir edir. Səs, eyni zamanda, vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunub. Qeyd edilib ki, Azərbaycanda XX əsrin ortalarında görkəmli alim, professor İ.Topcubaşov musiqi terapiyası adlı tibbi müalicənin əsasını qoyub.
Seminarda çərçivəsində simfonik əsərlər, o cümlədən Xalq artistləri Ramiz Quliyevin, Şəfiqə Eyvazovanın, Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayevin ifalarında musiqi parçaları səsləndirilib. Bundan başqa V.A.Mosartın və L.V. Bethovenin əsərləri dinlənilib.
Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın bir sıra əməkdaşları məruzəçiyə öz dəyərli tövsiyələrini veriblər.