BAKI-RUSİYA SƏRHƏDİ AVTOMOBİL YOLUNUN YENİDƏN QURULMASI UĞURLA DAVAM ETDİRİLİR
AZƏRTAC xəbər verir ki, “Akkord” Şirkətlər Qrupu Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 120 kilometrlik ərazidə işi uğurla davam etdirir.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, layihə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 16-134 kilometrinin beton örtük tökməklə yenidən qurulmasından ibarətdir. Bu məqsədlə şirkətin 7 min işçisi və 3 minə yaxın xüsusi texnikası səfərbər edilmişdir. İşlərin sürtələ aparılması üçün ərazi üç hissəyə bölünmüşdür.
Yolda torpaq-bərkitmə işləri ilə paralel ərazidən keçən kommunikasiya xətləri dəyişdirilir, suötürücü qurğular, körpü və keçidlər tikilir. Artıq hər üç istiqamətdə betonlama işlərinə start verilmiş, 38 kilometr ərazidə şimal istiqamində betonlama işləri başa çatdırılmışdır.
Betonlama prosesi Almaniyanın «Wirtgen» şirkətinin istehsalı olan betonsalan maşınlar vasitəsilə ilə həyata keçirilir. Yol çəkilişi üçün ən müasir texnologiya hesab edilən bu maşınlar elektron idarəetmə sistemi ilə təchiz edilmişdir. Betonsalan maşınların betonla təminatı üçün ərazidə 9 stasionar və 1 mobil beton zavodu inşa edilmişdir. Stasionar zavodlardan 8-i saatda 80-100 kubmetr, 1-i 240 kubmetr, mobil beton zavodu isə saatda 60 kubmetr beton istehsal etmək gücündədir.
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda beton örtüyünün qalınlığı 28 santimetr, eni 12 metrdir.
Yolun çəkilişinə alman mütəxəssisləri də cəlb olunmuşdur.