Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllülərə arayışlar verib
Bakı, 21 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) VI könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən idarənin müdir müavini Hüseyn Əsgərov ölkəmizdə könüllülük hərəkatının geniş vüsət aldığını vurğulayıb. O, könüllüləri təbrik edərək onların fəaliyyətinin yaddaqalan və səmərəli olduğunu söyləyib, hansı sahədə çalışmalarından asılı olmayaraq, uğur qazanacaqlarına inandığını bildirib.
İdarənin müdir müavini deyib ki, VI könüllülük proqramı çərçivəsində BŞTİ-yə 100-ə yaxın gənc elektron qaydada müraciət edib. Müraciət edənlərdən müvafiq meyarlar əsasında 54-ü müsahibəyə çağırılıb. Onlardan 18-i müsahibədə uğur qazanıb. Seçimlərin nəticələrinə uyğun olaraq, gənclərdən 1-i ümumi sektorda, 1-i məktəbdənkənar fəaliyyətin təşkili sektorunda, 3-ü insan resursları sektorunda, 3-ü ictimaiyyətlə əlaqələr sektorunda, 3-ü ümumi təhsil sektorunda, 3-ü inkişaf layihələri sektorunda, 4-ü isə maliyyə və mühasibatlıq sektorunda könüllü kimi fəaliyyət göstərib.
BŞTİ-nin struktur bölmə rəhbərləri VI könüllülük proqramı iştirakçılarının 3 aylıq fəaliyyəti dövründə tapşırılan işi layiqincə yerinə yetirmək xüsusiyyətlərinə görə seçildiklərini qeyd edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Gənclər könüllü kimi 3 aylıq fəaliyyətləri dövründə öz ixtisasları üzrə və ümumi dünyagörüşlərinin inkişafı baxımından böyük təcrübə qazandıqlarını diqqətə çatdırıblar. Bütün bu nailiyyətlərin qazanılmasında BŞTİ-nin əməkdaşlarının böyük rolu olduğunu deyən gənclər onlara öz təşəkkürlərini bildiriblər.