CƏMİYYƏT
Bakı sərnişindaşıma stansiyasında gözdən əlilliyi olan şəxslər üçün yaradılan şərait sınaqdan keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı sərnişin stansiyasında gözdən əlilliyi olan şəxslər üçün yaradılmış müyəssər mühitin sınaqdan keçirilməsi məqsədilə sərbəst yürüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkil etdiyi yürüşdə bir qrup gözdən əlilliyi olan şəxslər iştirak ediblər.
Qeyd olunub ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Bakı, Sumqayıt və Koroğlu sərnişin stansiyalarında taktil xətlərin quraşdırılmasında məqsəd gözdən əlilliyi olan şəxslərin infrastruktura əlçatanlığının təmin edilməsidir.
İştirakçılar yaradılmış müyəssər şəraitdən məmnun olduqlarını, görülmüş işlərin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın tələblərinə cavab verdiyini vurğulayıblar. Qeyd olunub ki, Bakı sərnişin stansiyasında görülən işlər Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ekspertləri ilə birlikdə həyata keçirilib.
Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev dəmiryol stansiyalarında müyəssərliklə bağlı görülən işlərə görə “Azərbaycan Dəmir Yolları” QSC-yə və “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyinin rəhbərliyinə əlilliyi olan şəxslər adından minnətdarlığını bildirib. Eyni zamanda, digər ictimai ərazilərdə də analoji addımların atılmasının gözdən əlilliyi olan şəxslərin sərbəst və təhlükəsiz hərəkət etməsi üçün zəruri olduğu vurğulanıb.
Bildirilib ki, müyəssər mühitin yaradılması üçün görülən işlər beynəlxalq standartlara cavab verir. Taktil xətlərdən istifadə edəcək gözdən əlilliyi olan şəxslərə təlimlər keçirilməsinə ehtiyac olduğu da vurğulanıb.