BAKI SLAVYAN UNİVERSİTETİNDƏ QURTULUŞ GÜNÜVƏ UNİVERSİTET GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, elmi şuranın üzvləri, magistrlər, tələbələr, əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərin məzarı önunə əklil qoymuşlar.
Müşavirəni universitetin rektoru, əməkdar elm xadimi, professor Kamal Abdullayev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səslənmiş, ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rektor çıxışında demişdir ki, Universitet günü elmi şuranın qərarı ilə təsis edilmişdir və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Prezident Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə əlaqədardır. Fərmanın 12-ci bəndində deyilir: “Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə “Bakı Slavyan Universiteti” yaradılsın”. İndi o vaxtdan dörd il keçir. Ötən müddətdə təhsil ocağımızda çox iş görülmüşdür. Bu gün Slavyan Universitetində təkcə rus dili deyil, Ukrayna, bolqar, polyak, çex, slovak, yunan, türk, Azərbaycan, ingilis dilləri də ixtisas kimi öyrədilir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin təhsil ocağımıza verdiyi istiqamət və zamanın tələbi ilə bağlıdır. Artıq Bakı Slavyan Universitetinin adı ölkələrarası sənədlərdə çəkilir, o, xarici siyasətin çox ciddi bir komponentinə çevrilmişdir.
Professor Mahal Qacarlı Qurtuluş günü haqqında məruzə etmişdir.
Prorektor Asif Hacıyev adıçəkilən Fərmandan sonra tədris sahəsində görülmüş işlərdən danışmışdır. O demişdir ki, ilk növbədə, bu mühüm sənədə uyğun olaraq universitetin hüquqi əsası yaradıldı. Bundan əlavə, tədrisin konseptual zəmini hazırlandı, struktur dəyişiklikləri reallaşdırıldı. Azərbaycana, Azərbaycan elminə, dilinə, mənəviyyatına xidmət ideya əsası elan olundu. Fakültələrin sayı ikidən 4-ə, tədris şöbələrinin sayı beşdən 7-yə çatdırıldı, hər cür təchiz olunmuş 4 tədris mərkəzi, 5 yeni kafedra, nəşriyyat mərkəzi, qəzet yaradıldı. Tədris planları yenidən hazırlandı. Əgər 1999-cu ildə cəmi 9 ixtisas var idisə, bu gün magistratura ilə bir yerdə 37 ixtisas üzrə tədris aparılır. Universitetdə iki xarici dil üzrə dünya standartlarına cavab verən tərcüməçilər hazırlayacağıq. 1999-cu ildə universitetə cəmi 373 tələbə qəbul olunmuşdusa, bu il həmin rəqəm 720-yə çatmışdır.
Elmi işlər üzrə prorektor Aslan Məmmədlinin, beynəlxalq əlaqələr üzrə prorektor Etibar Nəcəfovun faktlarla zəngin məruzələri də maraqla dinlənilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Quliyev, magistr Nərminə Cəfərova, tələbələrdən Əzizə İsmayılova, Yelena Korneva, Zinət Dadaşova çıxış edərək mərasim iştirakçılarını Qurtuluş günü və Universitet günü münasibətilə təbrik etmişlər.