BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU, PROFESSOR KAMAL ABDULLANIN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Sanki zaman bizi hər gün bir az, addım-addım bu böyük şəxsiyyətlə cismani ünsiyyətdən, təmasdan uzaqlaşdırmaqdadır. Amma bütün bunların əleyhinə olan qravitasiya qanunauyğunluğu vardır ki, o, heç bir fizika kitabında öz əksini tapmayıbdır. O da bundan ibarətdir ki, biz, bəlkə də burada əyləşməyənlərin hamısı, Azərbaycan milləti, hər gün və bəlkə də dərindən təfərrüatına varmadan, özümüz də bilmədən mənəviyyatca addım-addım Heydər Əliyevə yaxınlaşmaqda, onun işığına isinməkdəyik. Bu, həqiqətən də belədir. Biz bunun bir çox məqamlarda təsdiqi ilə gündəlik həyatımızda rastlaşırıq.
Bu gün təqdimatına toplaşdığımız, doğrudan da, gərgin zəhmətin məhsulu olan bu əsərləri vərəqlədikcə, bir daha ciddi və dərin fikirlərə dalıb o şəxsiyyəti yenidən göz önünə gətirirsən. Hörmətli Ramiz Mehdiyev dərin bir fikir söylədi ki, əslində, bizim milli azadlıq hərəkatımızın canında Heydər Əliyev idealı dururdu. Dərindən fikirləşsək görərik ki, bu azadlıq hərəkatı bir çox komponentlərdən yarandı. Bu enerjinin əsas təkanverici qüvvəsi Heydər Əliyevə edilən haqsızlığa etirazdan yaranmışdır. Bu etiraz aksiyası Azərbaycanın müstəqilliyinə və bu müstəqilliyin bu gün də addımlamasına gətirib çıxarır. Təqdim olunan kitabları oxuyarkən bu fikirlərdən ayrıla bilmirsən.
Kitablarda Heydər Əliyev şəxsiyyəti ilə bağlı bəzi məqamlarda onun hakimiyyətə qayıtmasında xalqın arzusu da öz əksini tapmışdır. Heydər Əliyev siyasi xadim kimi, xalqın oğlu kimi hakimiyyətə qayıtmağa məhkum idi. O, Allah tərəfindən onun üzərinə qoyulmuş missiyanı ləyaqətlə yerinə yetirdi. Amma Bakıda zəlzələdən sonra işə qayıtmağı onun insani borcu idi və bunu da bütün millət həmin gün böyük ürək rahatlığı ilə hiss etdi. Hər bir insan onu öz yanında gördü.
O, ən ağrılı və faciəli bir məqam idi ki, Ali baş komandan sarayda özünü narahat hiss edəndən sonra onun yenidən tribunaya qayıdışı möhtəşəm bir qayıdış kimi bizim yaddaşımızda əbədi həkk olundu. Onun, coğrafiya dərslərində olduğu kimi, əlində çubuqla xəritə qarşısında dönə-dönə mövzuya qayıdışı, müxtəlif dövlət başçıları qarşısında eyni mövzuya qayıdışı Azərbaycan həqiqətlərinin bu gün artıq bütün maneələrdən keçməsinə səbəb idi. Bu gün Azərbaycan reallığını dünyada tanıdan Prezident İlham Əliyevin timsalında Heydər Əliyevin ən böyük və möhtəşəm qayıdışının şahidi oluruq.
Onu qəhərsiz xatırlamaq mümkün deyildir. Bunu burada oturanların hamısı gözəl bilir. Onu kədərsiz xatırlamaq mümkün deyildir. Onunla beş dəqiqə ünsiyyətdə olan hər bir şəxs onu sevməyə bilməzdi. Mən də o beş-on dəqiqənin işığını ürəyimdə gəzdirirəm. Bizim bugünkü gəncliyimiz Heydər Əliyev işığını, ideallarını, Heydər Əliyev məhəbbətini daha ləyaqətlə gələcəyə aparacaqdır. Mən buna hər gün daha çox əmin oluram.
Sizə təşəkkürlərimi bildirir, uğurlar arzulayıram.