Bakı Təhlükəsizlik Forumu Azərbaycanın regional rolunu gücləndirir - RƏY
Bakı, 24 sentyabr, AZƏRTAC
Beynəlxalq Təhlükəsizlik Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərində artan rolunun göstəricisidir. Forumun məhz Bakıda təşkil olunması ölkəmizin regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildiyini nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, Azərbaycan uzun illər ərzində müxtəlif təhdid və təhlükələrlə, o cümlədən terror aktları və digər təhlükəsizlik riskləri ilə üzləşib: “Bu proses ölkənin təhlükəsizlik sahəsində mühüm təcrübə qazanmasına və mövcud çağırışların qarşısının alınması istiqamətində praktiki mexanizmlər formalaşdırmasına imkan verib.
Bu baxımdan Bakı Təhlükəsizlik Forumunda irəli sürülən təşəbbüslər Azərbaycanın öz təcrübəsindən çıxış edərək qlobal və regional təhlükəsizlik problemlərinin həllinə töhfə vermək istəyini nümayiş etdirir. Terrorçuluq, kibercinayətkarlıq, qanunsuz dövriyyə və digər transsərhəd təhlükələrin qarşısının alınması dövlətlərin birgə fəaliyyətini və daha sıx əməkdaşlığını zəruri edir”.
R.Məmmədlinin fikrincə, bu gün beynəlxalq təhlükələrin xarakteri dəyişir və onların effektiv şəkildə qarşısının alınması yalnız ayrı-ayrı dövlətlərin səyləri ilə mümkün deyil: “Bu baxımdan təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsi, birgə fəaliyyət mexanizmlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın belə bir müzakirə platformasına ev sahibliyi etməsi ölkənin regional təhlükəsizlik məsələlərinin müzakirəsində rolunu daha da artırır. Xüsusilə Cənubi Qafqazda sülh və əməkdaşlığın möhkəmləndirilməsi, regional təhlükəsizlik risklərinin azaldılması istiqamətində birgə fəaliyyət üçün Bakı mühüm platforma rolunu oynaya bilər.
Azərbaycanın əldə etdiyi təcrübə və irəli sürdüyü təşəbbüslər Bakı Təhlükəsizlik Forumunun qarşıdakı dövrdə də əhəmiyyətinin və təsir imkanlarının genişlənməsinə şərait yarada bilər”, - deyə o qeyd edib.