Bakı və Roma metropol regionlarında landşaft örtüyü dəyişiklikləri tədqiq olunur
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan və İtaliya alimləri “Roma və Bakı metropol regionlarında landşaft örtüyü dəyişikliklərinin məsafədən zondlama məlumatları və GIS əsasında tədqiqi” istiqamətində birgə layihə həyata keçirirlər.
Layihə İtaliya Milli Tədqiqat Şurası - Dəniz Mühəndisliyi İnstitutu (CNR-INM) və AMEA Beynəlxalq əlaqələr idarəsinin dəstəyi ilə reallaşdırılır. Layihənin əsas məqsədi müxtəlif metropol ərazilərində landşaft örtüyünün dəyişməsini müqayisə etməkdir. Araşdırmalar məsafədən zondlama və Coğrafi İnformasiya Sistemləri (GIS) texnologiyalarının qarşılıqlı inteqrasiyasına əsaslanır. Landşaft örtüyünün dəyişməsinin araşdırılması və müqayisəsi üçün “Sentinel” və “Landsat 8” peykinin məlumatlarından istifadə ediləcək. Layihənin icrası iki tədqiqat qrupu tərəfindən eyni, təkrarlanan və birbaşa prosedurlarla həyata keçiriləcək. Məlumatların emalı il ərzində torpaqdan istifadəni əks etdirən dəqiq rəqəmsal xəritələrin tərtib edilməsinə imkan yaradacaq.
Layihənin COVID-19 pandemiyasının yayılma intensivliyinin urban landşaftların ekoloji şəraiti ilə əlaqəsinin öyrənilməsində də əhəmiyyəti böyükdür. COVID-19 urban landşaftlarda demoqrafik yüklənmənin artdığı, şəhərsalmada ekoloji normaların pozulduğu və s. ərazilərdə daha çox müşahidə edilir. Bu məqsədlə Bakı və Roma şəhərlərində COVID-19 pandemiyasının yayılmasına dair müvafiq təşkilatların gündəlik məlumatları əsasında tərtib olunmuş xəritələrlə urbolandşaft xəritələrinin müqayisəsi aparılacaq.
Müxtəlif dövrlərdə əldə edilmiş xəritələrin kartoqrafik məkan məlumatları ilə inteqrasiyası landşaftdan istifadənin dəyişikliyini izləməyə, kritik sahələri vaxtında müəyyənləşdirməyə və icra orqanlarını məlumatlandırmağa, daha çox sahələrdə birgə tədqiqatlar aparmağa imkan verir. Əldə edilən coğrafi məlumatlar şəhərlərin inkişafı istiqamətini və xüsusilə kritik sahələri müəyyənləşdirməyə imkan verir. Beləliklə, tədqiqatların nəticələri ətraf mühiti və urbolandşaftların davamlı inkişafının təmini üçün yerli idarəetmə orqanlarına kömək göstərməyi nəzərdə tutur.
Bu barədə AZƏRTAC-a layihənin Azərbaycan tərəfindən icraçısı, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, dosent Mirnuh İsmayılov məlumat verib. O qeyd edib ki, Avropa İttifaqının Statistika Bürosu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 72 faizi urban (şəhər) ərazilərdə məskunlaşıb. Bunun da 41 faizi iri şəhərlərdə, 31 faizi isə kiçik şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Böyük metropol ərazilərdə təbii torpaq-bitki örtüyü və ya ümumilikdə landşaftların görünən elementləri tamamilə məhv edilib. Onlar əsasən zəif su sızdırma qabiliyyətinə və fərqli istilik balansına malik asfalt və beton örtüklərlə, texnogen relyef formaları və s. ilə əvəz olunub. Bu isə şəhərlərdə özünəməxsus hava sirkulyasiyasının və mikroiqlimin, başqa sözlə, fərqli yaşayış mühitinin yaranmasına şərait yaradır. Nəticədə urban landşaftlarda insanların normal həyat fəaliyyətində, sağlamlığında, fizioloji və psixoloji durumunda bir sıra problemlərin yaranmasına səbəb olur. Başqa sözlə, insanların həyat tərzində təbii elementlərin rolu kəskin şəkildə azalır.
Dünya şəhərlərində olduğu kimi, Bakının da son illər sürətli inkişafı, yeni struktur-funksional zonaların əmələ gəlməsi və bu prosesin davamlı şəkil alması şəhərin inkişafının landşaft-ekoloji baxımdan elmi əsasla müasir peyk təsvirlərinin deşifrələnməsi ilə daha dərindən, əhatəli və çevik şəkildə tədqiq olunmasını tələb edir. Urban landşaftlarda baş verən proseslər qlobal məsələ olduğu üçün italiyalı alimlərlə Roma paytaxt şəhərinin də landşaft örtüyündə baş verən dinamiki dəyişmələrdə aparılan tədqiqatlar qarşılıqlı şəkildə elmi mübadilə və müqayisə əsasında həyata keçiriləcək. Urbolandşaftların fiziki və bioloji mühitində əmələ gələn struktur dəyişikliklərini yaradan əsas səbəblərdən biri olan səthin su sızdırma qabiliyyətinin pozulması biomüxtəliflik və urban iqlimi üçün də bir sıra ciddi risklər əmələ gətirir. Son zamanlarda urban dəyişikliklərinin dinamikasını və inkişaf tendensiyalarını izləmək və onun ekoloji cəhətdən normal idarə olunma mexanizmlərini modelləşdirmək zərurəti yaranıb. Lakin biz hələ də etibarlı təhlillər müqayisələr və qiymətləndirmələr aparmaq üçün sistemli və ardıcıl məkan məlumatları bazasına malik deyilik. Beləliklə, landşaft örtüyünün dəyişməsinin monitorinqi yalnız yerin səthində olan prosesləri anlamaq üçün deyil, eyni zamanda metropoliten bölgələrin gələcəkdə ekoiqtisadi daha da sağlam və optimal inkişafı üçün vacibdir.