Bakı və Sumqayıt şəhərlərindən yaşıllıqlarla əlaqədar 1100 müraciət daxil olub
Bakı, 11 fevral, AZƏRTAC
Ötən il elektron xidmət vasitəsilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş 121 müraciət qurumun Dövlət Ekspertiza İdarəsi tərəfindən vaxtında icra edilib. Müraciətlərdən 103-ü ETSN-in səlahiyyətlərinə aid edilmiş mal və materialların idxal və ixracına razılığın verilməsi, 3-ü atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi, 13-ü ekoloji və normativ sənədlərin razılaşdırılması, 2-si isə digər xidmətlərlə əlaqədar olub. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Respublika ərazisində meşə fonduna aid olmayan ağac və kol cinslərinin istifadəsi, mühafizəsi və qorunması tələbləri ilə əlaqədar 3180 müraciətə baxılaraq icrası təmin edilib. Təkcə Bakı və Sumqayıt şəhərlərindən yaşıllıqlarla əlaqədar 1100 müraciət daxil olub. Daxil olmuş müraciətlərin əksəriyyəti Bakı şəhərində ayrı-ayrı vətəndaşlar tərəfindən küləkli havalarda təhlükə yaradan və infrastruktur layihələrin altına düşən ağacların kəsilməsi və ya budanması ilə əlaqədar olub.
Hesabat dövründə atmosferə atılan zərərli maddələrə dair 85, yeraltı və yerüstü su mənbələrindən istifadə ilə əlaqədar isə 13 fiziki və hüquqi şəxslərə “xüsusi icazə” sənədləri verilib.
Aidiyyəti üzrə sahə layihə institutları tərəfindən tərtib olunaraq təqdim olunmuş 23 ekoloji-normativ sənəd baxılaraq razılaşdırılıb. 2016-cı il ərzində “Ətraf mühitə təsirlərin qiymətləndirilməsi haqqında” qanun layihəsi üzrə aidiyyəti nazirliklərlə müzakirələr yekunlaşdırılaraq sənəd Nazirlər Kabinetinə təqdim olunub. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar olaraq “Yaşıllıqların götürülməsi qaydası” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi təmin olunub. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə əlaqədar olaraq “İstehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükü”, toksiki istehsalat tullantılarının “utilizasiyası” və “zərərsizləşdirilməsi” fəaliyyətlərinin lisenziyalaşdırılması üzrə əlavə şərtlər hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilib.