CƏMİYYƏT
Bakıda “Ağsu şəhidləri. Zəfər qəhrəmanları” kitab-albomunun təqdimatı olub
![](/files/galleryphoto/2022/2/1200x630/165485303714556303_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530372955417257_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530375707837641_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530373860520549_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530371408849673_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530374950653413_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530376954338_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530374085952797_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530373854525272_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16548530371445714680_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhidləri. Zəfər qəhrəmanları” kitab-albomunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab-albomda Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olan Zəfər qəhrəmanlarının tərcümeyi-halları iki dildə - Azərbaycan və ingilis dillərində tərtib edilib. Onların mülki və hərbi həyatlarına dair fotoları albomlaşdırılıb.
Təqdimat mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimini "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb.
O, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu rayonu Gəgəli bələdiyyəsinin əməkdaşlığı ilə “Ağsu şəhidləri. Zəfər qəhrəmanları” kitab-albomunun hazırlandığını, eyniadlı sərginin tərtib edildiyini bildirib: “Yaradıcı heyət bütün şəhid ailələrinin evində olub, onların hiss və duyğularını qələmə alıb. Kitab-albomu həyəcansız vərəqləmək mümkün deyil”.
Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov muzeydə Vətən müharibəsi fondunun yaradılmasından, indiyə qədər şəhidlərə məxsus eksponatlardan ibarət iki sərginin keçirilməsindən danışıb. Şəhid ailələrini fonda eksponatların toplanmasında dəstək verməyə çağırıb. Kitab-albomun elmi araşdırmalar üçün mənbə olacağını bildirib.
Milli Məclisin deputatı Tahir Kərimli 44 günlük Vətən müharibəsində Qələbənin qazanılmasında şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığından danışıb. Bütün dövlət, özəl, ictimai qurumların şəhid ailələrinin təskinlik tapmasında hər zaman səfərbər olmasının vacibliyini vurğulayıb. Kitab-albomun bu mənada yaxşı bir vəsait olacağını qeyd edib.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov vikipediya kimi elektron ensiklopediyalarda şəhidlərimiz haqqında məlumatların yerləşdirilməsi zamanı istinadlara ehtiyac olması haqqında danışıb. Belə nəşrlər və onların elektron kitabxanalarda yerləşdirilməsi istinadların sayının artmasına imkan yaradır.
Tədbirdə şəhid ailələrinin üzvləri də çıxış edərək təqdim olunan kitab-albom haqqında fikirlərini bölüşüblər.
Qeyd edilib ki, “Elm və Təhsil” nəşriyyatında çap olunan kitab-albomun elmi redaktoru, professor Qafar Cəbiyev, rəyçiləri professor Şikar Qasımov və Milli Azərbaycan Tarixi Muzeyi Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümovdur.
Tədbirdə şəhid Elşən Musayevin qızı Ayşən Musalı və Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin şagirdi Zəhra Əliyeva şeir söyləyiblər.
İştirakçılara sertifikatlar təqdim edilib.
Təqdimatın sonunda şəhid ailələri Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ilə tanış olublar.