BAKIDA BEYNƏLXALQ İNVESTİSİYAKONFRANSI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 8-9-da Bakıda İqtisadi İnkişaf Nazirliyi və İslam İnkişaf Bankının təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya Konfransı keçiriləcəkdir. Konfrans ölkəmizin investisiya imkanlarının təbliği istiqamətində mühüm addım olmaqla yanaşı, yerli sahibkarların potensial investorlarla birbaşa ünsiyyət imkanı baxımından əhəmiyyətli olacaqdır.
Konfransda İslam İnkişaf Bankına üzv ölkələrdən olan və Azərbaycanda investisiya layihələri üzrə tərəfdaş kimi iştirak etməyə maraq göstərən 150-ə yaxın iş adamının iştirakı gözlənilir. Onlar, əsasən, enerji, sənaye, maliyyə və bank sektorunu, kənd təsərrüfafı, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm sahələrini təmsil edirlər.
Tədbir günlərində konfrans iştirakçıları Azərbaycanda istehsal olunmuş mal və xidmətlərin sərgisi ilə tanış olacaqlar.
Konfransda yerli sahibkarların investisiya layihələrinin təqdimatı keçiriləcək, İslam İnkişaf Bankına üzv ölkələrdən olan iş adamları azərbaycanlı həmkarları ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ilə bağlı müzakirələr aparacaqlar.
İnvestisiya Konfransında iştirak etmək istəyən iş adamları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna müraciət edə bilərlər (Ü.Hacıbəyov küçəsi, 40, Hökumət evi. Əlaqə telefonu: 598 01 47/48, Faks: 598 01 52).