Bakıda Estetik Tibb, Dermatologiya və kosmetologiya üzrə Birinci Elmi-Praktik Beynəlxalq Konfrans keçirilir
Bakı, 4 may, AZƏRTAC
Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Estetik Tibb, Dermatologiya və kosmetologiya üzrə Birinci Elmi-Praktik Beynəlxalq Konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Tibb Universitetinin Dəri-zöhrəvi kafedrasının sabiq müdiri, professor Zülfüqar Fərəcov ölkədə bu sahədə keçirilən ilk konfransın məhz Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsindən məmnunluğunu ifadə edib: “Estetik təbabət, eyni zamanda gözəllik və sağlamlıq dinamik inkişafda olan sahədir. Bu sahənin tərəqqisi dermato-kosmetologiyanın inkişafına şərait yaradır. Konfrans dermatologiya sahəsində dünyamiqyaslı layihələrdən biridir və ölkəmizdə ilk dəfə keçirilir. Müasir tibdə dermato-kosmetologiyanın ən cavan qolu kimi estetik dermatologiya (anti-aging) inkişaf edir və sürətlə formalaşır. Dəri gözəlliyini qorumaq və gənc görünmək hər kəsin istəyidir. Tibbin gənc sahəsi kimi estetik dermatologiya bu məsuliyyəti öz üzərinə götürür, pasiyentlərə qabaqcıl, effektiv və daim yenilənən prosedurlar təklif edir. Gələcəkdə planlaşdırılan layihələr çərçivəsində yeni ideyalar, maraqlı seminarlar və treninqlərin keçirilməsi nəzərdə tutulur. Öz bilik və bacarıqlarını yerli dermatoloqlarla bölüşmək üçün konfransa Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Almaniya və digər ölkələrdən mütəxəssislər dəvət olunub”.
Azərbaycan Dermatoveneroloqlar Cəmiyyətinin sədri Günay Fərəcova çıxışında layihənin yerli həkimlər üçün faydalı olacağını vurğulayıb: “Bu sahədə yenilikləri və dinamikliyi izləmək vacibdir. Azərbaycan Dermatoveneroloqlar Elmi Cəmiyyəti olaraq keçirdiyimiz ilk konfransın səhiyyənin inkişafına verdiyi dəstək səbəbindən qürurluyuq. 2 gün davam edəcək konfransda estetik tibb, dermatologiya və kosmetologiya sahəsinə aid bir çox maraqlı mövzuya toxunulacaq”.
Konfrans elmi hissə ilə davam edir. Mayın 4-5-də yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.