BAKIDA “GƏNCLƏRİN TOLERANTLIQ MODELİ” ADLI BEYNƏLXALQ SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Aprelin 5-də Bakıda Gənclər və İdman Nazirliyi, Avropa Şurası Gənclər və İdman Direktorluğu, Avropa Şurası Gənclər Fondu və Azərbaycan Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə “Gənclərin tolerantlıq modeli” adlı beynəlxalq seminar öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Avropanın 10 ölkəsini təmsil edən 32 nümayəndənin qatıldığı seminarı giriş sözü ilə açan “İrəli” Ümumrespublika Gənclər Təşkilatının həmtəsisçilərindən olan Ceyhun Osmanlı bildirmişdir ki, seminarın əsas məqsədi Avropa gənclər siyasəti çərçivəsində gənclər və gənc təşkilatların birgə fəaliyyətini və əməkdaşlığını genişləndirmək, gələcəkdə birgə layihələrin hazırlanması və artırılmasına təkan vermək, habelə gənclərin mədəniyyətlərarası, dinlərarası dialoqunu formalaşdırmaqdır.
C.Osmanlı Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri haqqında ətraflı məlumat verərək demişdir ki, burada onlara hər cür şərait yaradılmışdır.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanın dünyada tolerantlıq üzrə model ölkə olmasını xüsusi olaraq vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycanda dini dözümlülük mövcuddur və bu seminarda iştirak edən müxtəlif konfessiyaların nümayəndələrinin çıxışları bunu bir daha sübut edir.
İ.Babayev söyləmişdir ki, milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Ölkəmizdə tarixən müxtəlif dini icmalar arasında həmişə mehriban dostluq münasibətləri hakim olmuş, dini zəmində heç bir problem mövcud olmamışdır.
Seminar mövzu ətrafında iştirakçıların fikir mübadiləsi ilə davam etdirilmişdir.
######
