BAKIDA GUAM REGİONUNUN BEYNƏLXALQ NƏQLİYYAT ŞƏBƏKƏSİNƏ İNTEQRASİYASI MƏSƏLƏLƏRİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ KONFRANS BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Bakıda “Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-Tranzit” adlı ikigünlük beynəlxalq konfrans işə başlamışdır.
Konfransda Avropa, Orta Asiya ölkələri, Çin Xalq Respublikası, Koreya Respublikası, Yaponiya, Baltikyanı ölkələrin, Avropa İttifaqına daxil olan dövlətlərin nəqliyyat üzrə təşkilatlarının təmsilçiləri, hökumət nümayəndələri iştirak edirlər.
GUAM-ın Azərbaycan üzrə milli əlaqələndiricisi, xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, konfransın məqsədi GUAM ölkələri üzrə tranzit dəhlizinin hazırkı vəziyyəti, onun potensialının təkmilləşdirilməsi, inkişaf perspektivlərinin təmin edilməsinə beynəlxalq dəstək və sərmayənin cəlb olunmasına dair müzakirələrin təşkil edilməsidir.
İki gün davam edəcək konfransda GUAM ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı, nəqliyyat sektorunda həyata keçirilən iri layihələrlə bağlı təqdimatlar keçiriləcək, nəqliyyat sektorunun inkişafına dair müzakirələr aparılacaqdır. 2007-ci ildə GUAM-ın Bakıda keçirilmiş sammitini xatırladan nazir müavini həmin tədbirdə qəbul edilmiş sənədlərin Avropa-GUAM-Asiya nəqliyyat dəhlizinin gələcək inkişafı üçün ciddi əsas yaratdığını vurğulamışdır. Bu vəzifələrin həyata keçirilməsi GUAM ölkələrində mövcud qanunvericiliyin təkmilləşdirilməsini, iqtisadi və ticarət əlaqələrinin inkişafına mane olan gömrük və sərhəddəki maneələrin aradan qaldırılmasını, infrastrukturun inkişaf etdirilməsini, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və səmərəliliyinin təmin edilməsi üçün əməkdaşlığın dərinləşdirilməsini, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsini, narkotik vasitələtin qanunsuz dövriyyəsinin qarşısının alınmasını nəzərdə tutur.
“GUAM üstəgəl” formatında ABŞ, Yaponiya, Polşa və digər tərəfdaşlarla görüşlərin müsbət nəticələr verdiyi, bu əlaqələrin möhkəmlənməsinin təşkilatın nəqliyyat dəhlizinin inkişafına, ticarət-nəqliyyat sahəsində əməkdaşlığın və infrastruktur şəraitinin yaxşılaşması ilə yanaşı, təhlükəsizlik məsələlərində də irəliləyişə əhəmiyyətli təsiri qeyd edilmişdir.
GUAM ölkələrinin təbii-coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında təbii dəhliz təşkil etdiyini vurğulayan Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov qeyd etmişdir ki, bu, xalqlar və dövlətlər arasında ticarətin və normal dialoqun inkişafına mane olan sədlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına xüsusi önəm verdiyi, son iki ildə bu sahəyə 1 milyard dolların xərcləndiyini, qarşıdakı 5 ildə isə 7 milyard dollar vəsaitin sərf olunacağının planlaşdırıldığı diqqətə çatdırılmışdır. Ölkəmizin həm Qərb-Şərq, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafını təmin edəcək, Avropanı Asiya ilə birbaşa birləşdirəcək Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişini yüksək qiymətləndirdiyi, bu istiqamətdə ardıcıl addımlar atdığı vurğulanmışdır.
Gürcüstan energetika nazirinin müavini Nino Yenukidze, Moldova nəqliyyat nazirinin müavini Pavel Untura, GUAM-ın Baş katibi Valeri Çeçelaşvili, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki və başqaları çıxış edərək “GUAM-Tranzit” konfransının regionun nəqliyyat dəhlizinin inkişafına mühüm təsir göstərəcəyini qeyd etmişlər.
Konfransın 1-ci sessiyasında GUAM nəqliyyat dəhlizinin əsas parametrləri, 2-ci sessiyasında isə dəhlizdə biznes imkanlarına həsr edilmiş məruzələr dinlənilmiş, təqdimatlar keçirilmişdir.
Konfransın ikinci günü - aprelin 30-da GUAM ölkələrinin nəqliyyat nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun növbəti iclasının keçirilməsi planlaşdırılır. İşci qrupunun toplantısında əvvəlki iclaslarda qəbul edilən qərarların icrası, GUAM ölkələrinin nəqliyyat sektoru arasında əlaqələrin genişləndirilməsi və cari məsələlər müzakirə ediləcəkdir.
######
