BAKIDA İLK POLŞA MİLLİ SƏRGİSİ ƏMƏKDAŞLIĞIN DAHA SƏMƏRƏLİ İSTİQAMƏTLƏRİNİ MÜƏYYƏN EDƏCƏK
AZƏRTAC xəbər verir ki, Polşa Təsərrüfat Palatası İdarə Heyətinin sədri Bojena Vrublevska demişdir ki, onun ölkəsi Azərbaycanla müxtəlif illərdə bağlanmış müqavilə və sazişlər əsasında əməkdaşlıq edir. Onlardan biri də tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı ildə imzalanmış müqavilədir. Polşa sahibkarları iqtisadiyyatın artım sürətinə görə lider olan Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar və bu sənədlərin müddətinin uzadılmasına, yeni əlaqələrin yaradılmasına ümid bəsləyirlər. Buna görə də Polşa iqtisadiyyatının geniş təqdimatı kimi bu sərgi əməkdaşlığın daha səmərəli istiqamətlərini müəyyən etmək üçün bir növ sınaq olacaqdır. B.Vrublevska vurğulamışdır ki, sərgidə 40 şirkət təmsil olunacaqdır, gələn il isə onların sayı üçqat artacaqdır.
Sədrin sözlərinə görə, sərgi salonlarında aviasiya, avtomobil, inşaat, elektrotexnika, ərzaq, kosmetika və əczaçılıq sahəsində fəaliyyət göstərən və onun fikrincə, əməkdaşlıq şərtlərinə uyğun gələn orta və iri müəssisələrin məhsulları nümayiş etdiriləcəkdir.
Ərzaq sahəsi, digər firmalarla yanaşı, Şərqi Avropada ən iri ərzaq məhsulları istehsalçılarından biri sayılan “Maspex” qrupu ilə təmsil olunacaqdır. Əczaçılıq firmaları arasında tanınmış baytarlıq preparatları tədarükçüsü Bowet, leofilizatorlar istehsalçısı “Elena”, kosmetik məhsullar istehsal edən “Venita” və başqaları da olacaqdır.
Sərgi noyabrın 8-10-da ABU-ARENA salonunda keçiriləcəkdir.