REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
Şənbə günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 11 tondan çox məhsul təklif olunurdu. Paytaxt sakinləri yarmarkaya gələrək həvəslə təzə və keyfiyyətli məhsulları alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Məsələn, qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə, mal əti 5 manata, soğan 25-30, kartof 30-60, yumurtanın biri 7 qəpiyə və s. təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev məlumat verdi ki, yarmarkanın yerləşdiyi ərazinin yaxınlığında əsaslı yenidənqurma işləri aparılmasının yaratdığı çətinliklərə baxmayaraq, burada yazın gəlişi ilə əlaqədar satışa çıxarılan 44,2 ton məhsulun əksəriyyətini mövsümi tərəvəz, o cümlədən xiyar, pomidor, bibər, badımcan, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Alıcılar qiymətlərdən razılıq edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (13,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,3 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından gətirilmiş ümumilikdə 15,7 ton məhsul çıxarılmışdır. Hər iki yarmarkada meyvələrdən alma, nar, heyva, naringi, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof və digər mövsümi məhsulların, xüsusilə yazın gəlişi ilə əlaqədar göyərti və ağartı məhsullarının alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Ağcabədi, Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından 132 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada bazarlardakından 20-30 faiz ucuz qiymətə satılan məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada şəhər sakinlərinə sərfəli qiymətə mal ətinin kiloqramı - 5 manata, qoyun əti - 5 manat 50 qəpiyə, quş əti - 2 manat 60 qəpik - 2 manat 90 qəpiyə, kartof - 40-60, soğan 10-20, alma -40-50 qəpiyə, xiyar 1 manata, pomidor - 1 manat 30 qəpik - 1 manat 60 qəpiyə, armud 1 manata - 1 manat 50 qəpiyə, yumurtanın biri isə 7-8 qəpiyə təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Neftçala, Beyləqan, Daşkəsən, Oğuz rayonlarından 29 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 10 min ədəd yumurta gətirilmişdir.
Alıcılar ən zəruri meyvə-tərəvəzləri, o cümlədən alma, armud, kartof, soğan, pomidor-xiyar, göyərtini, həmçinin süd və süd məhsullarını həvəslə alırdılar. Həmişə olduğu kimi, paytaxt sakinləri meyvə-tərəvəzin keyfiyyətli və bazar qiymətindən 25-35 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Goranboy, Ağstafa, Siyəzən, Bərdə və digər rayonların fermerləri bol məhsul çıxarmışdılar. Onlar meyvə-tərəvəzləri və ağartı məhsullarını bazardakından 20-30 faiz ucuz qiymətlərə satırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, şənbə günü yarmarkaya 18 ton məhsul gətirilmişdir.