BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 12 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, şənbə və bazar günləri yarmarkaya 34 tondan çox məhsul çıxarılmışdır. Qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir və Biləsuvar rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, konserv məhsulları, ət və ağartı təklif etmişlər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri yarmarkada 133 ton meyvə, 78 ton tərəvəz və digər məhsullar satılmışdır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Dəvəçi, Qusar, Salyan, Astara, Quba və digər rayonların fermerləri iki gün ərzində 71 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya nar, alma, qoz, kök, kartof, çuğundur, kələm və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Qazax və Ağsudan gətirilmiş və ucuz qiymətə satılan meyvə-tərəvəz, süd və bostan məhsulları həvəslə alınırdı.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinlərinə təklif olunan kənd təsərrüfatı məhsulları Ağstafa və Goranboydan gətirilmişdi. Alıcılar həmin məhsulların qiymətlərinin onlar üçün əlverişli olduğunu bildirirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri sənbə-bazar günləri 35,5 ton kənd təsərrüfatı məhsulları satmışlar. Qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur.