BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 21-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 13 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada yumurtanın biri 10, kartofun, soğanın və kələmin kiloqramı 30-40, alma 40-70, kök 50 qəpiyə, qoyun əti 4 manat 50, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60 qəpiyə-4 manata satılırdı. Beyləqanlı Oruc Əsgərov satışa 2 tona yaxın məhsul çıxarmışdı. Dediyinə görə, son bir neçə həftədə yarmarkada 4 tona yaxın kələm, soğan kök və s. satmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov məlumat vermişdir ki, iki gün ərzində burada alıcılara 35 tondan çox məhsul təklif olunmuşdur.
Şənbə və bazar günləri Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 70, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 8 tondan çox məhsul satmışlar. Yarmarkalarda qiymətlər bazardakından 30-35 faiz, bəzi məhsullarda isə 40-50 faizə qədər ucuz olmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, budəfəki yarmarkada Balakən, Daşkəsən, Cəlilabad və Samux rayonlarının fermerləri daha fəallıq göstərmişlər. Onların təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiyməti münasib olmuşdur. Qarşıdan gələn bayramlarla əlaqədar məhsulların çeşidi və keyfiyyəti artırılacaqdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkaya Salyan, Kürdəmir, Quba, Şəmkir və Ağcabədi rayonlarından müxtəlif çeşiddə təzə meyvə-tərəvəz gətirilmişdi. İşçi qrupunun qərargahından verilən məlumata görə, istirahət günlərində burada 79,2 ton tərəvəz, 142 ton meyvə, 50 ton kartof və digər məhsullar satılmışdır.
Yağmurlu və soyuq hava şəraitinə baxmayaraq, bazar günü səhər tezdən yüzlərlə sakin A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada alış-veriş edirdi. Bir gün əvvəl buraya Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonlardan gətirilmiş 72,5 ton məhsulun xeyli hissəsi satılsa da, meyvə-tərəvəzin, ət və süd məhsullarının bolluğu diqqəti cəlb edirdi. Əvvəlki yarmarkalarla müqayisədə bu dəfə müxtəlif növ təzə balıqlar daha çox idi. Salyandan və Neftçaladan gətirilmiş təzə balıqların kiloqramı bazardakından xeyli ucuz qiymətə - 4-5 manata təklif olunurdu. Yarmarkada təzə kəsilmiş və baytar həkimin yoxlamasından keçmiş mal əti 4 manat 50 qəpiyə, qoyun əti ısə 5 manat 60 qəpiyə satılırdı.
Alıcılardan Əsgər Abdullayev, Tamaşa Hüseynova, Tahir Tağıyev və başqaları burada yaradılan şəraitdən, xüsusilə məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razılıq etməklə yanaşı, qeyd etdilər ki, həftəarası burada müəyyən abadlıq işlərinin aparılması hamının ürəyincə olardı.
Biləcəri qəsəbəsində 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa kələm, soğan, çuğundur, qoz, nar, fındıq, alma, yumurta, kartof və digər meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarılmışdı. Ağsu və Qazaxdan gətirilmiş həmin məhsullar əhaliyə bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək meyvə-tərəvəz satılmışdır. Onun çox hissəsi kartof və kələm olmuşdur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri keyfiyyətli kənd təsərrüfatı məhsulları gətirmişdilər. Həmin məhsullar da həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri sənbə-bazar günləri alıcılara 42,7 ton kənd təsərrüfatı məhsulları təklif etmişlər. Alıcılar meyvə-tərəvəzin, qurudulmuş meyvələrin, qoz-fındıq, ət-süd məmulatları və konservləşdirilmiş məhsulların qiymətindən, keyfiyyətindən razı qalmışlar.
######
![]() |
![]() |

