BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və digər rayonların fermerləri satışa 21 tondan çox kənd təsərrüfatı məhsulu çıxarmışdılar. Bayram ərəfəsində məhsulların çeşidi və həcmi artırılmışdı. Gədəbəyli fermer Arzu Tanrıquliyevin sözlərinə görə, paytaxta 5 tondan çox kartof, kələm, meyvə, bal və pendir gətirmişdir. Bu məhsulları alıcılara münasib qiymətə təklif edir. Fermer balın kiloqramını 10 manata, kartofu, kələmi 30-50 qəpiyə satırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri alıcılara 78 ton məhsul təklif edirdilər. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonundan gətirilmiş 10 tondan çox məhsul satılırdı. Satılan məhsulların qiyməti bazardakından 25-40 faizə, bəzi məhsullarda isə 50 faizə qədər ucuz idi. kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, budəfəki yarmarkada Balakən, Samux, Cəlilabad və Biləsuvar rayonlarının fermerlərinin satışa çıxartdıqları məhsulların alıcısı daha çox idi. Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar məhsulların çeşidi artırılmışdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində keyfiyyətli konserv məhsulları, meyvə-tərəvəz, ət və ağartı satılırdı. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar burada bolluq idi. Həmin məhsulların arasında kartof, alma, narıngi, qoz, şabalıd, bal, heyvandarlıq məhsulları üstünlük təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, bu gün Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Kürdəmir və Qəbələ rayonlarının fermerləri yarmarkaya 293,8 ton meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirmişlər. Şəhər sakinləri bazardakından xeyli ucuz qiymətlərə satılan həmin məhsulları həvəslə alırdılar.
Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, Şəki, və İmişli rayonlarından 80 tona yaxın meyvə-tərəvəz, ət və süd məhsulları, göyərti və digər məhsullar gətirilmişdi.
Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi Şahin Xalıqovun verdiyi məlumata görə, şəkili fermerlər burada satışa 400 kiloqram pendir, 300 kiloqram ət, 600 kiloqram soğan, 800 kiloqram kartof, 3650 banka mürəbbə, 400 banka meyvə şirəsi və s. məhsul çıxarmışlar.
Həmişə olduğu kimi, bu gün də Salyan rayonundakı “Hacı Camalxan” fermer təsərrüfatının, “İmişli Broyler”in, “Dəvəçi Broyler”in satıcıları, habelə Astaradan Fərahim Məmmədov, Qusardan Niyazi Əliyev və onlarla digər fermerlər alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz müxtəlif çeşidli ət və süd məhsulları, kartof-soğan, sitrus meyvələri, toyuq əti, yumurta, kələm və s. təklif edirdilər. Bayramqabağı yarmarkadan əlidolu çıxan alıcılardan Qalib Abdullayev, Tahir Tağıyev, Qulu Məmmədov, Nazxanım Quliyeva və başqaları burada yaradılan şəraitdən, məhsul bolluğundan və qiymətlərin münasibliyindən razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Ağdaş, Salyan, Sabirabad, Masallı və digər rayonlardan gətirilmiş 16 tondan çox meyvə-tərəvəz, ət və süd məhsulları təklif olunurdu. Artıq yarmarkanın bazarlardan daha sərfəli olduğunu yaxşı bilən qəsəbə sakinləri hər şənbə günündə olduğu kinı, bu dəfə də səhər tezdən həvəslə bu ünvana gəlirdilər. Sakinlərdən Amalya Seyidova, Məmməd Qafarzadə, Sevda Əsədullayeva, Bəkir Qarayev, Əli Səfərov və başqaları aztəminatlı ailələrin büdcəsinə kömək olan yarmarkaların ənənə halını almasına görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər.
Biləcəri qəsəbəsində 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada satışa kələm, soğan, çuğundur, qoz, nar, fındıq, alma, yumurta, kartof və digər meyvə-tərəvəz, bostan və süd məhsulları çıxarılmışdı. Ağsu və Qazaxdan gətirilmiş həmin məhsullar əhaliyə bazardakından 20-30 faiz ucuz qiymətlərə satılırdı.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Ağstafa, Bərdə və Goranboy rayonlarının fermerləri keyfiyyətli kənd təsərrüfatı məhsulları gətirmişdilər. Sakinlər bazardakından ucuz satılan həmin məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəndinov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada satışa Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş 48,7 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Alıcılar meyvə-tərəvəzi, qurudulmuş meyvələri, qoz-fındığı, ət-süd məmulatlarını və konservləşdirilmiş məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri yarmarkada sanitar təmizliyə və qayda-qanuna nəzarət edirdilər.
######
![]() |
![]() |
![]() |


