BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 11-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdı. Burada şəhər sakinlərinə Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş 13 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,3 ton ağartı, 4 ton tərəvəz, 3 ton meyvə, 3,5 ton kartof, 3 min ədəd yumurta, 20 kiloqram bal təklif olunurdu. Sahibkarların sözlərinə görə, onlar alıcıların təkliflərini nəzərə alır, yarmarkaya daha çox ehtiyac duyulan məhsul çıxarırlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, şənbə və bazar günləri yarmarkada 30 tondan çox məhsul satılmışdır.
Bazar günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada qələbəlik idi. Məhsul bolluğu alıcıların seçim imkanlarını artırırdı. İşçi qrupundan verilən məlumata görə, iki gün ərzində burada satışa Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonlardan gətirilmiş 69,5 ton məhsul çıxarılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində 44 tondan çox, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 6 ton məhsul satmışlar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir, Şəmkir və Şəki rayonlarından gətirilmiş 37 ton kartof, 103 ton meyvə, 6,1 ton ət, 4 ton ağartı, min ədəd yumurta və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Şəhər sakinləri keyfiyyətli məhsulları həvəslə alır, qiymətlərin bazarlardan xeyli ucuz olduğuna görə fermerlərə minnətdarlıqlarını bildirirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılara alma, turp, kök, nar, kartof, kələm, çuğundur və başqa meyvə-tərəvəz təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, şənbə və bazar günləri Qazax və Ağsu fermerləri yarmarkada 20 tonadək meyvə-tərəvəz, süd və bostan məhsulları satmışlar.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da satışa bol məhsul çıxarılmışdı. Ağstafa, Bərdə və Goranboy fermerləri alıcılara bazardakından ucuz qiymətlərə meyvə-tərəvəz təklif edirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 40,5 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. İmişli rayonunun Qaralar kənd sakini Kamran Qurbanov fermer təsərrüfatında yetişdirdiyi 4 tona yaxın kartofu, soğanı alıcılara münasib qiymətə təklif edirdi. Dediyinə görə, burada yaradılmış əlverişli şərait ürəyincədir.
######
![]() |
![]() |

