BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkaya Salyan, Quba, Qusar, Dəvəçi, Astara, İmişli və digər rayonlardan 70 tondan çox məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, fermerlər paytaxt sakinlərinə bazardakından xeyli ucuz qiymətə müxtəlif çeşidli meyvə-tərəvəz, ət və ağartı məhsulları, yumurta, kələm, balqabaq və s. təklif edirlər. Satışda ilin bu fəslində alıcıların daha çox ehtiyac duyduğu təzə balıq boldur. Balığın bir kiloqramı bazar qiymətlərindən xeyli ucuz - 4-5 manata satılır.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa 17 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Bu məhsullar əsasən Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan gətirilmişdi. Burada alıcılara Giləzi quşçuluq fabrikindən gətirilmiş 5 min 700 ədəd yumurta da təklif olunurdu. Qubadan gəlmiş Dəyanət Vəliyev dedi ki, son aylarda burada 5 tondan çox alma satmışdır. 30-50 qəpiyə satdığı almanı bazarda alverçilər 80 qəpik-1 manata təklif edirlər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarından gətirilmiş 43 tondan çox məhsul satılırdı. “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 5 tondan çox məhsul çıxarmışdılar. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar və s. çoxluq təşkil edirdi. Bəzi məhsulların qiyməti bazarlarla müqayisədə 40-50 faiz aşağı idi. Yumurtanın biri 10 qəpiyə, almanın kiloqramı 30-80, xurma 50-80 qəpiyə, qoyun əti 5 manat - 5 manat 50 qəpiyə, mal əti 4 manat 60 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun bildirdiyinə görə, metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, konserv məhsulları, ət və ağartı, ümumilikdə 227 tondan çox kənd təsərrüfatı məhsulu təklif etmişlər. Qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax və Ağsudan 20,2 ton meyvə-tərəvəz və ağartı məhsulları gətirilmişdir. Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Bərdə, Goranboy və Ağstafa fermerləri satışa keyfiyyətli meyvə-tərəvəz çıxarmışdılar.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsulları satılırdı. Xaçmazın Hülovlu kəndinin sakinləri Əbülfəz Həsənov və Tərlan Məmmədov öz fermer təsərrüfatlarında yetişdirdiyi fındıq, göyərti və digər məhsulları alıcılara münasib qiymətə təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, bu gün Xaçmaz fermerləri satışa 17 ton, tərtərlilər 13,6 ton, imişlilər 3 ton məhsul çıxarmışlar.
######
