BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 24 yanvar (AZƏRTAC). Yanvarın 25-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkadakı bolluq alıcıların seçim imkanlarını artırırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerləri bir gün əvvəl gətirdikləri 71,6 ton müxtəlif çeşidli məhsulun yarıdan çoxunu satmışlar.
Qiymətlərin münasibliyi yarmarkaya daha çox alıcı gəlməsinə səbəb olmuşdur. Burada soğan-kartofun kiloqramı 30-40, kələm 50, mandarin 70-80, alma 40-50 qəpiyə, istixanada yetişdirilən təzə xiyar 80 qəpik-1 manata, pomidor 1 manat 30- 1 manat 50 qəpiyə, diri baliq 4-5 manata, balqabaq 20 qəpiyə, göyərtinin bir neçə dəstəsi 10-20 qəpiyə və s. təklif olunurdu.
Yarmarkada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı. Alınmış məhsulları burada qoyulmuş nəzarət tərəzisi vasitəsilə yoxlamaq mümkün idi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal təklif edirdilər. Qiymətləri bazardakından ucuz olan həmin məhsullar həvəslə alınırdı. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 78,2 ton tərəvəz, 115 ton meyvə, 38 ton kartof və digər məhsullar satılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarının fermerləri satışa müxtəlif çeşidli keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Şəhər sakinləri burada istədikləri meyvə-tərəvəzləri, süd və bostan məhsullarını ucuz qiymətlərə ala bilirdilər. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək kələm, kartof, soğan və digər məhsullar satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə alıcılara Ağstafa, Bərdə və Goranboydan gətirilmiş məhsullar təklif olunurdu.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 37,9 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Xaçmaz fermerləri satışa 18 ton, tərtərlilər 13,8 ton, imişlilər 3 ton, astaralılar 2 ton məhsul çıxarmışlar.
######
![]() |
![]() |

