BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 31 yanvar (AZƏRTAC). Yanvarın 31-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada şənbə günü səhər tezdən qələbəlik idi. Yağmursuz və mülayim hava şəraiti fermerlərin yarmarkaya daha çox məhsul çıxarmalarına imkan yaratmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerləri və şəxsi təsərrüfat sahibləri satışa 72,6 ton məhsul çıxarmışlar. Məhsullarin keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Sahibkarlar paytaxt sakinlərinə bazar qiymətlərindən xeyli ucuz müxtəlif ət və süd məhsulları, kartof-soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, və s. təklif edirlər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı və Quba rayonlarından 15 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi Quşçuluq Fabrikindən 5400 ədəd yumurta gətirilmişdi. Yarmarkada satılan məhsulların qiyməti bazardakından 25-30 faiz aşağı idi.
Qubalı Həsən Məmmədov almanın kiloqramını 30-40 qəpiyə təklif edirdi. Bağban dedi ki, son aylar burada 20 tondan çox məhsul satmışdır və yaradılmış şəraitdən razıdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri satışa 243,4 ton alma, kələm, çuğundur, kartof və digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun bildirdiyinə görə, bu gün paytaxt sakinlərinə 20 adda məhsul təklif olunur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkda şəhər sakinləri həvəslə bazarlıq edirdilər. Burada Ağsu və Qazax rayonlarından gəlmiş fermerlər ucuz qiymətlərə kələm, soğan, alma, nar, kök, kartof, qoz və digər kənd təsərrüfatı məhsulları satırdılar. Ağsu Rayon İcra hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirdi ki, yarmarkaya 20 tondan çox meyvə-tərəvəz və süd məhsulları gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da bolluq nəzərə çarpırdı. Alıcılar Ağstafa, Bərdə və Goranboydan gətirilmiş məhsulların qiymətlərinin onlar üçün sərfəli olduğunu söyləyir və həvəslə alış-veriş edirdilər.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarından 39,9 ton kənd təsərrüfatı məhsulları gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Xaçmaz fermerləri satışa 17.8 ton, tərtərlilər 12,2 ton, imişlilər 3 ton, tovuzlular 5, astaralılar 1 ton məhsul çıxarmışlar.
######
